Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Milli musiqi sənətinin tanınmış nümayəndələrindən biri, Xalq artisti, Prezident təqaüdçüsü Teymur Ağaxan oğlu Mustafayev 2020-ci il iyunun 11-də, ömrünün 82-ci ilində vəfat etmişdir.

Teymur Mustafayev 1939-cu il aprelin 10-da Cəlilabadda anadan olmuşdur. Müğənni 60 il ərzində Azərbaycan Dövlət Filarmoniyasında, “Azkonsert” Birliyində, Azərbaycan Televiziyası və Radiosunda öz sənəti ilə xalqa xidmət etmişdir. Tanınmış sənətkarlarımızın ifaçılıq ənənələrini qoruyub yaşadan Teymur Mustafayev eyni zamanda özünəməxsus ifa üslubu ilə milli musiqi sənətimizi daha da inkişaf etdirmişdir.

Teymur Mustafayev Azərbaycan musiqi sənətini dünyanın müxtəlif ölkələrində - Rusiya, Gürcüstan, Ukrayna, Özbəkistan, Türkiyə, İran, Almaniya, Avstriya, Meksika, Hindistan, Pakistan, Əfqanıstan, İordaniya və Misirdə məharətlə təqdim etməklə, dinləyicilərə sevdirmişdir. Onun ifa etdiyi xalq və bəstəkar mahnıları, təsniflər Azərbaycan milli televiziya və radiosunun “qızıl fond”unda qorunub saxlanılır. O, ömrünün son günlərinədək yaradıcılığını davam etdirmişdir. Konsert fəaliyyəti ilə yanaşı, T.Mustafayev bir çox televiziya müsabiqələrinin münsiflər heyətinin üzvü kimi gənc ifaçılara öz dəyərli tövsiyələrini vermişdir.

Sənətkar 1982-ci ildə milli mədəniyyətimizin inkişafında uğurlarına görə “Əməkdar artist”, 2005-ci ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülmüşdür. Prezident təqaüdçüsü idi.  

Tanınmış musiqiçi, gözəl insan Teymur Ağaxan oğlu Mustafayevin əziz xatirəsi onu tanıyanların və həmkarlarının qəlbində əbədi yaşayacaqdır.

Allah rəhmət eləsin.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi