Dövlət İmtahan Mərkəzi iyunun 10-da və 11-də rayon və şəhərlərin imtahan qrafikinə uyğun olaraq ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları keçirib.

İmtahanlar dörd istiqamət üzrə aparılır: 9-cu sinif üzrə buraxılış imtahanları; 11-ci sinif üzrə buraxılış imtahanları; ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən cari və əvvəlki illərin məzunları üçün qəbul imtahanları; Azərbaycan dilindən fərqli dildə təhsil alan 9-cu və 11-ci siniflərin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanları.

İki gün ərzində imtahanlar ümumilikdə 39 şəhər və rayonda (o cümlədən Bakının bir neçə rayonu) təşkil edilib. İyunun 10-da 117 imtahan binasında (ümumilikdə 25597 şagird-abituriyent), iyunun 11-də isə 80 imtahan binasında (17021 şagird-abituriyent) imtahan keçirilib.

Pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, üz sipəri, tibbi maska) təmin olunub. Bütün imtahan binaları dezinfeksiya edilib və sanitar-gigiyenik tələblərə uyğun şərait yaradılıb. İmtahan binasına buraxılış rejimi növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilib.

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.

İlkin məlumatlara əsasən, iyunun 10-da 20-yə yaxın, ertəsi gün isə 5 şagirdin (abituriyentin) bədən hərarəti yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin rəyinə uyğun olaraq imtahana buraxılmayıb. 5 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib və nəticələri ləğv olunub.

Həmçinin araşdırmalar nəticəsində müəyyən olunub ki, iyunun 10-da keçirilən imtahanda 1 abituriyent sual kitabçasını nəzarətçiyə təhvil vermədən özü ilə aparıb, sonra isə kitabçanın şəklini çəkərək sosial şəbəkələrdə yayıb. Həmin imtahan iştirakçısının da kimliyi müəyyən olunub və imtahan nəticələri ləğv olunub.

Qeyd edək ki, müvafiq qrafik (istiqamət və şəhər və rayonlar) üzrə növbəti həftə imtahanlar 18-19 iyun tarixində keçiriləcək.

“Növbəti həftə imtahanlarda iştirak edəcək şagirdlərə (abituriyentlərə) bir daha xatırladırıq ki, sənədləri ilə də diqqətli olsunlar. İmtahana gələrkən buraxılış vərəqəsini, imtahan iştirakçısının sağlamlığı haqqında bəyannaməni, şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı) gətirməyi unutmasınlar. Bundan əlavə, imtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır”, - deyə DİM-in məlumatında bildirilib.

DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılıb. 9-cu sinif üzrə buraxılış imtahanları, 9 illik orta təhsil bazasında kolleclərə qəbul imtahanları və Azərbaycan dili (dövlət dili) imtahanlarının nəticələri 5 gün ərzində elan olanacaq. 11-ci sinif buraxılış imtahanlarında istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.