Prezident İlham Əliyev Rusiyanın dövlət bayramı – Rusiya Günü (12 iyun) münasibətilə Prezident Vladimir Putinə təbrik məktubu göndərib. Məktubda Rusiya Federasiyasının ictimai-siyasi, sosial-iqtisadi və digər sahələrdə inkişaf, tərəqqi və dəyişikliklər yolunda inamla irəlilədiyi bildirilib.

“Azərbaycan ilə Rusiya arasında münasibətlərin yüksək səviyyədə olmasını böyük məmnuniyyətlə qeyd etmək istəyirəm. Xalqlarımız arasında çoxəsrlik dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək ənənələri çoxşaxəli Azərbaycan-Rusiya əlaqələrinin və strateji tərəfdaşlığının daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi üçün möhkəm bünövrədir.

Əminəm ki, ikitərəfli münasibətlərin gündəliyindəki məsələlərin bütün spektrinin uğurla reallaşdırılması ölkələrimiz arasında qarşılıqlı faydalı və tammiqyaslı əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar açacaq.

Fürsətdən istifadə edib koronavirus pandemiyasının nəticələrinin aradan qaldırıldığı dövrdə Azərbaycan xalqının Rusiya xalqı ilə həmrəy olduğunu bildirirəm”, - deyə məktubda qeyd edilir.