İyunun 12-də 2019-2020-ci tədris ili üzrə televiziya ilə yayımlanan dərslər yekunlaşır.

Təhsil Nazirliyindən bildirilib ki, tədris ilinin sonunadək təqdim edilən teledərslərin ümumi sayı 2124-ə çatacaq.

Xatırladaq ki, ümumtəhsil müəssisələrinin şagirdləri üçün 2020-ci ilin mart ayından etibarən şənbə və bazar günləri istisna olmaqla, hər gün Azərbaycan Televiziyasının “Mədəniyyət” və “ARB Günəş” telekanalında 5-6 saat teledərslər yayımlanıb. Dərslər ümumi təhsil proqramına uyğun olaraq bütün sinifləri və əksər fənləri əhatə edir. Nümayiş etdirilən bütün teledərslər sonradan sərbəst istifadə üçün Təhsil Nazirliyinin www.video.edu.az elektron portalında və rəsmi “Facebook” səhifəsində, “Youtube” kanalında yerləşdirilir ki, bu da şagirdlər üçün əlavə imkanlar yaradır.

İyunun 12-dən “Mədəniyyət” telekanalında teledərslərin yeni formatda yayımına başlanılır.

Təhsil Nazirliyindən verilən məlumata görə, teledərslər “İnteqrativ dərslər” formatında təqdim olunacaq. Şagirdlər dünyanın tam mənzərəsini anlamağa imkan yaradan inteqrativ dərsləri həftəiçi hər gün saat 09:30-dan 12:00-dək izləyə bilərlər.