Respublika Gənclər Kitabxanasının “Sevilənlər, sevənlər” rubrikası altında keçirdiyi canlı yayımlar davam edir. Canlı yayımın növbəti qonağı Əməkdar artist, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, aktyor və bədii qiraətçi Azad Şükürov olub.

Canlı yayımın aparıcısının  və istifadəçilərin suallarını cavablandıran Azad Şükürov sənətə gəlişindən, ilk rollarından söz açıb, korifey sənətkarlarla bağlı xatirələrini danışıb.

Azad Şükürov canlı bağlantı zamanı çoxsaylı istəkləri nəzərə alaraq Nüsrət Kəsəmənlinin “Bir məktub yazacam sənə” və Rəsul Rzanın “Unutmayın” şeirlərini səsləndirib. Sonda qonaq bu cür görüşlərin təşkilinə görə kitabxana rəhbərliyinə və kollektivə öz dərin təşəkkürünü bildirib.

***

Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 6 nömrəli filialının əməkdaşı Sədaqət Hacıyeva yazıçı, dramaturq Sabit Rəhmanın anadan olmasının 110 illiyi münasibətilə “Düşündürücü komediyalar müəllifi” adlı videoçarx hazırlayıb. Videoçarxı kitabxananın əməkdaşı Lamiyyə Osmanova səsləndirib.

***

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 5 nömrəli filialı “Şəhidlər unudulmur” adlı virtual sərgi hazırlayıb.

İdarədən bildirilib ki, sərgi Qarabağ müharibəsi iştirakçısı, şəhid Dərdayıl Cəbrayılova   həsr olunub.

Dərdayıl Süleyman oğlu Cəbrayılov 1960-cı il iyunun 27-də Bakının Türkan qəsəbəsində fəhlə ailəsində anadan olub. 1977-ci ildə orta məktəbi bitirdikdən sonra hərbi xidməti vətəndən uzaqlarda, Almaniyada keçib. Əsgərlikdən qayıtdıqdan sonra “Kommunist” (indiki “Azərbaycan”) nəşriyyatında, “Qızıl Şərq” mətbəəsində işləyib. Qarabağda baş verən döyüşlərlə əlaqədar könüllü olaraq cəbhəyə gedib.

D.Cəbrayılov 1992-ci il dekabrın 5-də Ağdərə rayonunda gedən döyüşlərdə ağır yaralanıb, dekabrın 15-də dünyasını dəyişib. Türkan qəsəbəsində yerləşən 119 nömrəli tam orta məktəbə şəhid qəhrəmanın adı verilib.