Əsası 1930-cu ildə qoyulmuş Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) bu il 90 illik yubileyini qeyd edir. Bu illər ərzində müvafiq sahələr üzrə yüksəkixtisaslı mütəxəssislər yetişdirmiş universitetdə Ağasəlim Ələsgərov, Soltan Salmanov, Bəhmən Axundov, Teymur Vəliyev, İsmayıl Feyzullabəyli, Tofiq Quliyev, Telman Hüseynov, Hüseyn Namazəliyev, Ziyad Səmədzadə, Arif Şəkərəliyev, Əli Əlirzayev kimi görkəmli iqtisadçı alimlərin rəhbərliyi ilə əhəmiyyətli elmi tədqiqatlar həyata keçirilmişdir. Bu tədqiqatların informasiya-resurs təminatında universitetin kitabxanasının rolu danılmazdır.

Məlumat üçün qeyd edim ki, Azərbaycan Dövlət İqtisad Universitetinin əsası qoyulduğu ildən burada kitabxana da fəaliyyət göstərir. Lakin bir neçə dəfə universitetin bağlanması, başqa ali məktəblərin tərkibinə birləşdirilməsi, tədris binalarının yerinin dəyişdirilməsi nəticəsində kitabxana da fəaliyyətini dayandırmalı olmuş, fonduna böyük zərər dəymişdir. Kitabxana fəaliyyətini 1966-cı ildən bərpa edərək Əsaslı kitabxana kimi işini davam etdirmişdir. 15 aprel 2019-cu il tarixindən etibarən Əsaslı kitabxananın bazasında UNEC Kitabxana- İnformasiya Mərkəzi (KİM) yaradılmışdır. Mərkəzin strukturuna Əsaslı kitabxana, 24/7 kitabxana, 1 saylı, 2 saylı, 4 saylı tədris binalarının kitabxanaları daxildir.

UNEC KİM ümumilikdə 80 mindən çox nüsxə Azərbaycan, ingilis, rus və türk dillərində kitab, tədris proqramı, dissertasiya, avtoreferat, elmi jurnal və digər kitabxana-informasiya resursları ilə oxuculara xidmət təqdim edir. Mərkəzin fondunda dünyanın “Springer”, “Pearson”, “Global Edition”, “EBSCO”, “Nobel”, “McGrawHill”, “Beta” kimi aparıcı nəşriyyatlarının iqtisadiyyatın müxtəlif sahələrinə dair kitabları da yer alır. Universitetin alimlərinin müxtəlif xarici dillərdə çap edilmiş əsərləri də burada yer alır. UNEC-in rektoru, professor Ə.Muradov, professor Y.Həsənli və dosent N.Hacıyevin 2019-cu ildə “Springer” nəşriyyatında çap edilmiş “World Market Price of Oil: Impactıng Factors and Forecastıng” kitabı, professorlar Ə.Ələkbərov və T.Quliyevin “Анатомия глобального экономического кризиса”, “Экономическая логика”, P.Səmədovun “Hazar denizi hidropolitiği. Türkiye Azerbaycan Gürcistan ilişkileri” və digər kitablar bu qəbildəndir.

Bu gün iqtisad elmi üzrə fundamental əsərlərin Azərbaycan dilinə tərcüməsi istiqamətində UNEC-də mühüm işlər görülür, təhsilalanlara və professor-müəllim heyətinə dünyanın bilik və təcrübə xəzinəsindən birbaşa faydalanmaq imkanı yaradılır. Bu tərcümə nəşrlərindən tədris və təlim texnologiyaları üzrə prorektor, dosent Anar Rzayevin tərcüməsi və universitetin rektoru, professor Ədalət Muradovun elmi redaktəsi ilə “Pulun əks-milliləşdirilməsi: dəqiqləşdirilmiş arqument. Paralel valyutalar nəzəriyyəsi və təcrübəsinin təhlili” (F.A.Hayek), dosent Anar Rzayevin tərcüməsi və redaktəsi ilə “Geoiqtisadiyyat” (İ.P.Çyornaya), “Geoiqtisadiyyat. Dünya iqtisadi məkanının mənimsənilməsi” (E.Q.Koçetov), “Beynəlxalq iqtisadiyyat” kitabları, professor Ədalət Muradovun elmi redaktəsi, dosent Elşən Bağırzadə və Təhmasib Əlizadənin tərcüməsi ilə “Dördüncü sənaye inqilabı” (K.Şvab) və başqa kitabları sadalamaq olar.

Kitablarla yanaşı 24-ü jurnal, 16-sı qəzet olmaqla, ümumilikdə 40 adda yerli və beynəlxalq dövri nəşr abunə yolu ilə əldə olunur. Fondda universitetin professor və müəllim heyətinin namizədlik və doktorluq dissertasiyaları, onların avtoreferatları da toplanmışdır. UNEC-də milli elektron resursların istifadəsi ilə yanaşı, beynəlxalq “EBSCO” və “Web of Science” elektron platformalarına abunə, habelə “İPR books” və “De Gruyter” resurslarından müddətli istifadə təmin edilmişdir. Mərkəz üzrə ümumilikdə 400-ə yaxın oxucu yeri olan kitabxanada sürətli internetlə təmin olunmuş 75 kompüter oxucuların istifadəsinə verilmişdir.

Tədris prosesinin informasiya təminatının yaxşılaşdırılması istiqamətində mühüm addımlardan biri UNEC rəhbərliyinin təşəbbüsü ilə ölkə universitetləri arasında ilk dəfə olaraq 7 gün 24 saat fəaliyyət göstərən kitabxananın yaradılması olmuşdur. 2019-cu il ərzində 24/7 kitabxananın, eləcə də yeni təmirdən çıxmış müasir standartlara cavab verən 1 və 2 saylı kitabxanaların fəaliyyəti ilə oxucu davamiyyətində də xeyli artım olmuş, bu göstərici mərkəz üzrə il ərzində 147 520 nəfər təşkil etmişdir. Bu oxuculara 49 223 nüsxə kitab, jurnal və digər resurslarla xidmət həyata keçirilmişdir.

UNEC Kitabxana-İnformasiya Mərkəzi universitetin dəyərli nəşrlərini müxtəlif sərgi-yarmarkalarda nümayiş etdirməklə ölkənin elmi-mədəni həyatında və gənclərin mütaliə mədəniyyətinin inkişafında da fəal iştirak edir. İlk dəfə 2019-cu ildə 27-29 sentyabr tarixində VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında UNEC KİM universitetimizi təmsil etmişdir. 2019-cu il daha bir yeniliklə yadda qalmış, 28-29 noyabrda UNEC respublikada ilk dəfə olaraq “Universitetlərarası I Kitabxana Forumu” təşkil etmişdir. Forum çərçivəsində “Akademik kitabxanaların inkişaf perspektivləri: 24/7 modelindən yeni hədəflərə doğru” mövzusunda respublika elmi-praktik konfransı keçirilmiş, UNEC KİM-in 1 saylı kitabxanasının açılışı olmuş, geniş kitab sərgisi və “TEAS-Press” nəşriyyatı tərəfindən endirimli kitab satış-yarmarkası təşkil edilmiş, UNEC KİM ilə ADA Universitetinin kitabxanası arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanmışdır.

2020-ci ildə dünyanı bürüyən koronavirus – COVİD-19 infeksiyası, təəssüf ki, Azərbaycandan da yan keçmədi. Mövcud sosial izolyasiya və karantin rejimində UNEC, eləcə də Kitabxana-İnformasiya Mərkəzi öz fəaliyyətini onlayn rejimdə davam etdirir. UNEC-in təşkilatçılığı ilə may ayında “Pandemiya dövründə Azərbaycanda universitet kitabxanalarının fəaliyyəti” mövzusunda respublikanın aparıcı universitetlərinin kitabxana rəhbərləri, səriştəli kitabxana mütəxəssislərinin iştirakı ilə onlayn vebinar keçirilmişdir. Bundan əlavə, UNEC-in 90 illik yubileyi ilə əlaqədar universitetin saytında professor-müəllim heyətinin, görkəmli iqtisadçı alimlərin kitablarından ibarət “90 il Azərbaycan iqtisadiyyatının xidmətində”, “UNEC-in xarici nəşrlər fondu” adlı virtual sərgilər hazırlanmışdır. UNEC-in Karyera Mərkəzinin direktoru Ramil Cabbarov və bu sətirlərin müəllifi tərəfindən UNEC-in “Facebook” səhifəsində canlı videomüzakirə təşkil olunmuş, yay sessiyası ərəfəsində UNEC-in elektron kitabxanasından və beynəlxalq elektron resurslardan istifadə qaydaları ilə bağlı təhsilalanların sualları cavablandırılmışdır. Kitabxana resurslarının və onlayn xidmətlərin istifadəsi baxımından oxucular üçün faydalı olan canlı efirin videoyazısı UNEC-in saytı və başqa sosial platformaları vasitəsilə də yayılmışdır. Onu da qeyd etmək yerinə düşər ki, ümumilikdə karantin dövründə bu və başqa kommunikasiya vasitələrilə 3 mindən çox oxucuya onlayn xidmət həyata keçirilmişdir.

Adilə ABDULLAYEVA
UNEC KİM-in direktoru, tarix üzrə fəlsəfə doktoru