İyunun 10-da “Turizm Könüllüləri” Təşkilatı İctimai Birliyi və Azərbaycan Turizm və Menecment Universitetinin birgə təşkilatçılığı ilə “Voluntourizoom online hub” layihəsi çərçivəsində ilk onlayn görüş keçirilib. Layihənin “Turizmdə innovasiya və perspektivlər” mövzusunda qonağı Dövlət Turizm Agentliyinin Aparatı rəhbəri Kənan Qasımov olub.

Kənan Qasımov agentliyin sənaye assosiasiyaları ilə sıx əməkdaşlıq, turizm sahəsində startap və innovativ təşəbbüslər barədə danışıb. Bildirib ki, agentlik və tabeliyindəki Azərbaycan Turizm Bürosu bu sahədə keçirilən bir sıra müsabiqələrə tərəfdaş və sponsor qismində dəstək göstərib. Onlayn görüşdə Azərbaycanın təqdim etdiyi turizm imkanları barədə beynəlxalq turizm sənayesinin nümayəndələri üçün təlimlərin keçirildiyi “E-öyrənmə” onlayn təlim platforması, “Azerbaijan.travel” saytının çoxçeşidli imkanları, “SAHMAN” proqramı, “meetinazerbaijan.com”, “skiazerbaijan.az” və s. bir sıra veb-saytlar, həmçinin “Macəra yaxındadır” platforması barədə məlumat verilib, moderator və izləyicilərin sualları cavablandırılıb.

Sonda Kənan Qasımov turizm sahəsində könüllülük fəaliyyətinin gənclər üçün gələcək iş imkanları və karyera ilə bağlı bilik və bacarıqlar əldə etməkdə mühüm rol oynadığını qeyd edərək Dövlət Turizm Agentliyinin bu istiqamətdə irəli sürülən təşəbbüsləri dəstəklədiyini diqqətə çatdırıb və könüllülərə öz tövsiyələrini verib.

Qeyd edək ki, “Voluntourizoom online hub” layihəsinin keçirilməsində məqsəd Azərbaycanda turizm sahəsi üzrə təhsil alan və müvafiq sahəyə marağı olan könüllüləri vahid onlayn platforma ətrafında toplamaq, onları turizm və gənclərlə iş sahəsi üzrə ixtisaslaşmış ekspertlərlə bir araya gətirməkdir. Dövlət və ictimai qurumları təmsil edən 11 spikerin müxtəlif mövzular üzrə iştirak edəcəyi növbəti görüşlər də “Zoom” platforması vasitəsilə həyata keçiriləcək və iyunun 24-dək davam edəcək.