Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılması məqsədilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın dəstək çağırışına Azərbaycan Milli Konservatoriyasının professor-müəllim heyəti də qoşulub.

İyunun 11-də Milli Konservatoriyanın təşkilatçılığı ilə B.Ə.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankında qanvermə aksiyası təşkil olunub. Mərkəzi Qan Bankının həkim-hematoloqları tərəfindən hər bir donor tibbi müayinədən keçdikdən sonra onlardan qan analizi götürülüb və aksiyaya qoşulması ilə bağlı rəy verilib. Bundan sonra xüsusi karantin rejiminin tələblərinə və sosial məsuliyyət qaydalarına əməl edilməklə Milli Konservatoriyanın 40-a yaxın əməkdaşı qan verib.

Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan insanların müalicəsində istifadə olunacaq.