Dövlət İmtahan Mərkəzi iyunun 18-də ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları keçirib.

DİM-dən verilən məlumata görə, imtahanların təşkil edilməsi üçün müvafiq qrafik üzrə şəhər və rayonlar (o cümlədən paytaxtın Qaradağ və Xətai rayonları) üzrə 115 imtahan (ümumilikdə 24312 şagird-abituriyent) binası ayrılıb.

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İlkin məlumatlara əsasən, 4 şagirdin (abituriyentin) bədən hərarəti yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin rəyinə uyğun olaraq imtahana buraxılmayıb. 3 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.

9-cu sinif üzrə buraxılış imtahanları, 9 illik orta təhsil bazasında kolleclərə qəbul imtahanları və Azərbaycan dili (dövlət dili) imtahanlarının nəticələri yaxın 5 gün ərzində elan olanacaq. 11-ci sinif buraxılış imtahanlarında istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.

Müvafiq qrafik üzrə şəhər və rayonlarda buraxılış (qəbul) imtahanları iyunun 19-da da keçiriləcək.