Gənclər və İdman Nazirliyi və İCESCO-nun dəstəyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının iştirakı  ilə “Kainat” Gənclik Mərkəzinin təşkil etdiyi  İslam dünyası gənc (20 yaşadək) klassik musiqi ifaçılarının beynəlxalq müsabiqəsi bu il 9-cu dəfə keçiriləcək.

Son illər ərzində dünyanın üç qitəsindən ölkələrin (Azərbaycan, Türkiyə, Misir, Küveyt, Mərakeş, Rusiya Federasiyası (Tatarıstan, Dağıstan, Başqırdıstan), Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, İran, İndoneziya) qatıldığı müsabiqə  gənc istedadların yaradıcılıq mübadiləsinin reallaşmasında mühüm rol oynayır.

 “Kainat” Gənclik Mərkəzindən verilən məlumata görə, mövcud pandemiya səbəbindən budəfəki müsabiqənin onlayn formatda keçirilməsi qərara alınıb. Hazırda müsabiqəyə  müraciətlər qəbul olunur.

Türkiyə, Misir, Mərakeş, Rusiya (Tatarıstan, Başqırdıstan), Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və İranı təmsil edəcək yaradıcı gənclərin iştirak ərizələri və ifa etdikləri əsərlərin video versiyaları təşkilat komitəsi tərəfindən yaradılmış veb-sayta daxil olub. İştirakçı ölkələrin sayının artması gözlənilir. Seçim turlarının günü və vaxtı haqqında əlavə məlumatı www.classicalcompetitionbaku.com saytından əldə etmək olar.