Beynəlxalq Memarlar İttifaqı (BMİ) Şurasının növbəti toplantısı keçirilib. BMİ-nin prezidenti Tomas Voniyerin sədrliyi ilə keçən onlayn toplantıda Azərbaycan Memarlar İttifaqının (AMİ) sədri Elbay Qasımzadə də çıxış edib.

E.Qasımzadə həmkarlarına pandemiya ilə əlaqədar yaradıcılıq, o cümlədən memarlıq sənəti sahəsində yaranmış çətinliklər və hökumətin bu vəziyyətdə həyata keçirdiyi tədbirlər haqqında məlumat verib. O, COVİD-19 pandemiyası ilə mübarizənin müsbət nəticə verəcəyinə və qısa müddət ərzində memarlıq sahəsində də yaradıcılığın normal məcraya dönəcəyinə əminliyini ifadə edib.

Şuranın digər üzvləri də pandemiya ilə bağlı memarlıq sənətində meydana gəlmiş problemlərdən söz açıblar, məruzələr dinlənilib. Təəssüflə qeyd edilib ki, bununla əlaqədar yaradıcılıq proseslərinin tamamilə sıradan çıxdığı ölkələr də mövcuddur.

Növbəti onlayn toplantının iyulun 23-də keçirilməsi qərara alınıb.