UNESCO-nun İpək Yolu Beynəlxalq Şəbəkəsinin onlayn iclası keçirilib. İclasda ölkəmizi “İpək Yolu Onlayn Platforması” proqramının Azərbaycan üzrə əlaqələndiricisi, akademik Şahin Mustafayev təmsil edib.

O, İpək Yolu ilə bağlı son illər ölkəmizdə həyata keçirilən tədbir və layihələr haqqında məlumat verib, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyası nəzdində İpək Yolu Araşdırmaları Mərkəzinin yaradılmasından söz açıb.

Yeni şəraitdə, xüsusilə koronavirus pandemiyası dövründə İpək Yolu ilə bağlı beynəlxalq layihələrin həyata keçirilməsində ortaya çıxan problemlərdən danışan akademik bu istiqamətdə beynəlxalq təşkilatların zəruri tədbirlər görməsinin, mütəxəssislərin çıxış yolları təklif etməsinin zəruriliyinə toxunub.

İclasda UNESCO baş direktorunun sosial və humanitar elmlər üzrə köməkçisi Xing Qu, qurumun sosial və humanitar elmlər sektorunda tədqiqat, siyasət və perspektivlər bölməsinin rəhbəri John Crovley və etika, gənclər və idman bölməsinin rəhbəri Angela Melo, eləcə də Çin, İran, Almaniya, Koreya, Türkiyə, Rusiya, Əfqanıstan, Oman, Qətər, İspaniya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Monqolustan və İordaniyanın nümayəndələri iştirak ediblər.