Paytaxtın Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi kitabxanası “Vətənimizə virtual səyahət” layihəsini davam etdirir.

Növbəti videoçarx ölkəmizin turistik bölgələrindən biri, qədim tarixə və zəngin irsə malik Qəbələ rayonu haqqındadır.

Videoçarxda Qəbələ rayonunun təbiəti ilə bağlı məlumatlar və fotolar toplanıb. Şahdağ, Tufandağ, Savalan, Bazardüzü, Yalovludağ, Qafqaz dağı kimi əzəmətli dağların, Həmzəli, Şabalıd, Qəmərvan kimi gözəl mənzərə yaradan meşələrin, Türyançay, Vəndam, Qaraçay, Tikanlıçay, Dəmiraparan, Həmzəli, Bum kimi çayların, Çömçə, Şonqar, Mucuq, Yeddi gözəl, Kömrü kimi bulaq və şəlalələrin fotoları ahəngdar quruluşda nümayiş olunur.

Alban məbədləri, Ustacan, Qədim Qəbələ qalasının bürc qalıqları kimi tarixi abidələr, İsmayıl bəy Qutqaşınlının ev-muzeyi, Qəbələ Tarix-Diyarşünaslıq Muzeyinin fotoları da videoçarxda əks olunub. İzləyicilər üçün Qəbələnin ağac emalı, dulusçuluq, xalçaçılıq, rəssamlıq kimi tarixən inkişaf etmiş sənətkarlıq sahələri fotolar və informasiya formasında toplanaraq təqdim olunur.