Ölkəmizdə koronavirusun yayılması sahəsində vəziyyət gərgindir. Ötən günlərdə  aparılan testlərin nəticəsi və yoluxma faktları üzrə rəqəmlər ürəkaçan deyil.

Hesab edirəm ki, tətbiq olunan sərtləşdirilmiş karantin rejimi yoluxma hallarının azalmasına kömək olacaq. Belə bir sərtləşdirmə tədbirini bir neçə ay əvvəl də apardıq və yaxşı nəticələr əldə etdik. İkihəftəlik sərtləşdirmə tədbirləri zamanı vətəndaşların vəziyyəti düzgün qiymətləndirməsi nəticəsində xəstələnmə hallarının azalması gözlənilir.

Bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, respublikanın baş infeksionisti Cəlal İsayev deyib.

Baş infeksionist vətəndaşlara Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə ciddi yanaşmağı, tibbi maskadan istifadə etməyi tövsiyə edib: “Gərək maska taxmayanlara digər vətəndaşlar qınaqla yanaşsın, onlara iradlarını bildirsinlər. Hava-damcı infeksiyasından qorunmağın əsas yolu maskadan istifadə və sosial təcriddir. Sərtləşdirmə tədbirləri də təmas və yoluxma hallarının azaldılması üçün zəruridir. Hər hansı bir simptomu olanlar evdən çıxmasın, iş yerlərinə getməsinlər. Mütləq həkimə müraciət etsinlər və özünü müalicəyə cəhd göstərməsinlər”.

Cəlal İsayev qeyd edib ki, dövlət tərəfindən xəstəliyə qarşı mübarizə tədbirləri işlənib hazırlanır, həyata keçirilir və buna külli miqdarda vəsait xərclənir: “Gəlin birlikdə görülən tədbirlərin səmərə verməsinə nail olaq. Həm məsuliyyətli olaq, həm də ətrafımızda olanları məsələyə məsuliyyət hissi ilə yanaşmağa dəvət edək”.