Faşizm üzərində tarixi qələbənin 75 illiyi münasibətilə Paris yaxınlığında Noye-Sen-Marten şəhərində yerləşən naməlum əsgərin abidəsi qarşısında anım tədbiri keçirilib.

Ölkəmizin Fransadakı səfirliyi də anım tədbirində təmsil olunub. Mərasimdə İkinci Dünya müharibəsində həlak olmuş azərbaycanlı əsgərlərin xatirəsi ehtiramla yad edilib, dövlət himnimiz səsləndirilib.

Səfirliyimizin müşavirləri Vaqif Ağayev və Eldar Məmmədov “Naməlum əsgər” abidəsi önünə əklil qoyublar. Anım tədbirində Noye-Sen-Marten şəhərinin meri, prefekti, eləcə də Rusiya, Qazaxıstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Serbiya kimi keçmiş sovet respublikalarının Fransadakı səfirləri iştirak ediblər.

Qeyd edək ki, adətən 9 May – qələbə günündə keçirilən anım tədbiri bu il COVİD-19 pandemiyasına görə ertələnmişdi və 22 iyunda – Böyük Vətən müharibəsinin başlanmasının ildönümündə reallaşıb.