Azərbaycan səfiri Fransa portalına müsahibəsində Qarabağ məsələsindən danışıb

Fransanın “Essentiel-Int” portalında Azərbaycanın bu ölkədəki səfiri Rəhman Mustafayevlə müsahibə dərc olunub. Müsahibədə səfirin fransız dilində çap edilmiş “Azərbaycan böyük dövlətlər arasında” kitabından, eləcə də Azərbaycanın balanslaşdırılmış xarici siyasətindən, müsəlman Şərqində ilk demokratik respublikanın 1918-ci ildə Azərbaycanda yaradılmasından, ölkəmizdə bir çox Qərb dövlətlərindən əvvəl qadınlara səsvermə hüququ verilməsindən bəhs olunub.

Səfir 1918-1920-ci illərdə ermənilərin Azərbaycana ərazi iddiaları ilə başladıqları münaqişənin 1987-1988-ci illərdə yenidən alovlanmasından, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışıb. Müsahibədə beynəlxalq təşkilatların münaqişə ilə bağlı qəbul etdikləri qətnamə və qərarlardan söz açılıb. Beynəlxalq təşkilatların qətnamələrində erməni silahlı qüvvələrinin dərhal və qeyd-şərtsiz Dağlıq Qarabağ ərazisindən çıxarılması tələbinə Ermənistanın məhəl qoymadığı diqqətə çatdırılıb.

“Münaqişənin həllində Fransanın da üzərinə xüsusi məsuliyyət düşür. Avropanın güclü dövlətlərindən biri, BMT Təhlükəsizlik Şurasının üzvü olan Fransadan bu statusuna uyğun fəal səylər gözləyirik. Parisin dünyanın bütün digər ölkələrinə nümayiş etdirdiyi suverenlik, sərhədlərin toxunulmazlığı və insan haqlarına dəstək kimi prinsiplər Azərbaycana və onun vətəndaşlarına da eyni formada tətbiq edilməlidir. İkili standartlar prinsipi qəbuledilməzdir”, –  deyə səfir bildirib.

R.Mustafayev iki ölkə arasındakı iqtisadi əlaqələrə də toxunub. Qeyd edib ki, bu gün ümumi vəzifə mövcud əməkdaşlığa iki ölkənin iqtisadi imkanlarına, eləcə də beynəlxalq və regional vəziyyətin tələblərinə cavab verən yeni məzmun verilməlidir.Müsahibədə Azərbaycan-Avropa İttifaqı əlaqələri haqqında da bəhs olunub.

***

Qeyd edək ki, Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev bu ölkənin Luara regionunda səfərdə də olub. Səfir La Bol və Qerand şəhərlərinin merləri ilə görüşüb. Fransanın məşhur turistik məkanlarından olan La Bol şəhərinin meri Azərbaycan şəhəri ilə əməkdaşlıq etmək, qardaşlaşma niyyətini ifadə edib. R.Mustafayevə La Bol şəhərinin medalı təqdim olunub.