Məlum olduğu kimi, ölkədə epidemioloji vəziyyətin gərginləşməsi ilə bağlı iyunun 21-dən 5 iyul tarixinədək koronavirusun yayılması üzrə 1-ci klasterə (“narıncı zona”) düşən səkkiz şəhər və rayonda – Bakı, Sumqayıt, Abşeron, Gəncə, Yevlax, Lənkəran, Masallı və Cəlilabadda sərtləşdirilmiş karantin rejimi elan olunub.

Qeyd olunan şəhər və rayonlarda evdən çıxma icazəsi olan şəxslər istisna olmaqla, digər şəxslərin yaşayış yerini və ya olduğu yeri tərk etmələri icazə əsasında həyata keçirilir. İcazələr təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar (1), ərzaq və digər gündəlik tələbat mallarının, dərman vasitələrinin alınması, dövlət xidmətlərinin, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti, həmçinin açıq havada vaxtın keçirilməsi (2) ilə əlaqədar verilir.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən bildirilib ki, gün ərzində 1 indeks üzrə alınan icazələrin sayına görə məhdudiyyət nəzərdə tutulmayıb. 2 rəqəmi vasitəsilə icazə isə ərzaq və digər gündəlik tələbat mallarının, dərman vasitələrinin alınması, dövlət xidmətlərinin, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazə 2 (iki) saat müddətinə gündə 1 dəfə verilir. Dövlət xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk edən şəxslər üçün geri qayıtma müddəti müvafiq dövlət qurumu tərəfindən verilən arayışla müəyyən edilir.

Yaxın qohumun dəfnində iştirak üçün vətəndaşlar Daxili İşlər Nazirliyinin 102 qaynar xətti ilə əlaqə saxlamalıdırlar.