İyunun 25-də Beynəlxalq Muğam Mərkəzi və Avrasiya Xalqları Assambleyası (AXA) arasında “Tərəfdaşlarla görüş” layihəsi çərçivəsində videokonfrans təşkil ediləcək. AXA-nın təşəbbüsü ilə keçirilən videokonfrans zamanı BMM-in təqdimatı və gələcək əməkdaşlıq planları müzakirə olunacaq.

Sosial izolyasiya dövründə AXA tərəfdaşları ilə bir sıra onlayn görüşlər reallaşdırır. İkitərəfli əməkdaşlıq sazişinin qaydalarına uyğun olaraq növbəti onlayn görüşün BMM ilə keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, 2019-cu ilin sentyabrında Azərbaycanda keçirilən “Avrasiya Xalqları Assambleyası Günləri” çərçivəsində assambleya ilə BMM arasında əməkdaşlıq sazişi imzalanıb. Saziş əsasında ilk olaraq BMM-də “Avrasiya xalqlarının mədəni irs ənənələri” mövzusunda dəyirmi masa təşkil edilib. Beynəlxalq əlaqələrini genişləndirən BMM artıq bir sıra ölkələrin institut və təşkilatları ilə əlaqələr yaratmağa nail olub. Bu əlaqələr nəticəsində qarşılıqlı əməkdaşlıqla bağlı memorandumlar imzalanıb.