Türk Şurası ölkələri turizmə məsul şəxslərinin onlayn görüşündə bu məsələ müzakirə olunub

İyunun 23-də videokonfrans formatında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Turizm Nazirlərinin 5-ci iclası təşkil olunub.

Videokonfransda çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə keçirilmiş Türk Şurasının koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunmuş fövqəladə Zirvə görüşünü xatırladıb. Bildirib ki, Türk Şurası COVİD-19 pandemiyasına həsr olunmuş onlayn sammit keçirən ilk beynəlxalq təşkilatdır və bu, türk dövlətlərinin ən yüksək səviyyədə həmrəyliyinin göstəricisidir.

Daha sonra Fuad Nağıyev pandemiya ilə mübarizə çərçivəsində Azərbaycanda həyata keçirilən tədbirlər, iqtisadi stabilliyin saxlanılması və iqtisadiyyata dəyən zərərin minimuma endirilməsi üçün atılan addımlar haqqında danışıb.

Turizmin pandemiyadan ən çox zərər çəkən sahə olduğunu deyən F.Nağıyev Azərbaycan hökuməti və Dövlət Turizm Agentliyi tərəfindən pandemiyanın sektora təsirlərini minimuma endirmək üçün görülən tədbirlərdən bəhs edib. O, turizm sahəsində sahibkarlara verilən dəstək proqramları, Azərbaycanda ilk növbədə daxili turizmin bərpa olunması, ümumilikdə turizmin mərhələli şəkildə bərpa edilməsinin planlaşdırılması, Dövlət Turizm Agentliyi tərəfindən 2020-2023-cü illəri əhatə edəcək ortamüddətli inkişaf strategiyasının hazırlanması haqqında məlumat verib.

Sonda Fuad Nağıyev dünya turizm sənayesinin tezliklə öz inkişaf tempinə qayıdacağına, Türk Şurasının növbəti görüşlərinin Azərbaycanda keçiriləcəyinə inamını ifadə edib.

Onlayn iclasda Türk Şurasının baş katibi Bağdad Amreyev, Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy, Özbəkistan, Qazaxıstan və Qırğızıstanın Turizm nazirliklərinin, həmçinin təşkilatda müşahidəçi statusa malik Macarıstanın Turizm Agentliyinin nümayəndələri  iştirak ediblər.

Görüşdə pandemiyanın yaratdığı məhdudiyyətlər şəraitində üzv ölkələr arasında turizm sahəsində mövcud əlaqələr, post-pandemiya dövründə turizm üzrə gələcək əməkdaşlıq məsələləri, pandemiyanın təsirinin azaldılması məqsədilə həyata keçirilən tədbirlər üzrə yeni onlayn treninq proqramının başlanması, “Müasir İpək Yolu turu” birgə layihəsi haqqında müzakirələr keçirilib.