Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin M.Ə.Sabir adına şəhər Kütləvi kitabxanasının 35 illik yubileyi münasibətilə elan etdiyi karikatura müsabiqəsi yekunlaşıb. İdarədən bildirilib ki, müsabiqəyə Sabirin satiralarına çəkilmiş karikaturalar qəbul olunub.

Böyük şairin doğum günü – 30 may tarixindən iyunun 18-dək davam edən müsabiqəyə qatılanlar çəkdikləri karikaturaların fotolarını kitabxananın elektron poçt və sosial media hesablarına göndəriblər.

Əl işləri kitabxananın “Facebook” və “İnstagram” səhifələrində paylaşılıb, izləyicilər öz fikirlərini yazıblar. Yayımlanan nümunələr arasında qiymətləndirmə aparılıb. I yerə Nuriyyə Təhməzova, II yerə Gülya Əhmədova, III yerə Leyla İsmayıllı və Mədinə Təhməzova layiq görülüblər. Qaliblərə diplom, qalan iştirakçılara isə fəxri fərman təqdim olunacaq.

M.Ə.Sabir adına şəhər Kütləvi kitabxanasının 35 illiyi münasibətilə tədbirlər davam etdiriləcək.

***

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı və Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunmuş videoçarx hazırlayıblar. Videomaterialda Mübariz İbrahimovun qısa ömür və şərəfli döyüş yolu haqqında məlumat verilir.

Qeyd edilir ki, Mübariz Ağakərim oğlu İbrahimov 7 fevral 1988-ci ildə Biləsuvar rayonunda anadan olub. Əliabad kənd orta məktəbində təhsil alıb. 2005-ci ildə orta təhsili başa vurub. Sonra hərbi xidmətdə olub. Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ildə yenidən hərbi xidmətə qayıdıb.

 2010-cu il iyunun 18-də gecə saatlarında təkbaşına cəbhə xəttində minalanmış sahəni keçərək düşmənlə qeyri-bərabər döyüşə girib. Düşmənin bir neçə canlı qüvvəsini məhv edən Mübariz qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Mübariz Ağakərim oğlu İbrahimova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

***

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin “İnstagram” sosial şəbəkə səhifəsində başlatdığı #menimsevimliyazarim çağırışında tanınmış şair Nüsrət Kəsəmənlinin yaradıcılığı işıqlandırılıb.

İdarədən bildirilib ki, Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkil etdiyi virtual görüşün qonağı şairin oğlu, kinoaktyor Rəşad Kəsəmənli olub.

Görüş zamanı Rəşad Kəsəmənli izləyicilərin suallarını cavablandırıb, öz yaradıcılığı haqqında da söz açıb. İzləyicilərin xahişi ilə Nüsrət Kəsəmənlinin “Getmək istəyirsən, bəhanəsiz get” şeirini səsləndirib.

***

Respublika Gənclər Kitabxanası tərəfindən yayımlanan “Sevilənlər, sevənlər” rubrikasının növbəti qonağı yazıçı-publisist, Bakı Kitab Mərkəzinin rəhbəri Günel Anarqızı olub.

Yazıçı kitabxananın əməkdaşı Günay Həsənovanın və izləyicilərin suallarını cavablandırıb. O, Bakı Kitab Mərkəzinin fəaliyyəti, ölkəmizdə mütaliənin səviyyəsi, kitab təbliğatı sahəsində baş verən yeniliklər haqqında danışıb.

Canlı yayım zamanı Günel Anarqızı müəllifi olduğu “Qarabağ hekayələri” kitabı, son günlərin hadisələrinə həsr olunmuş yazıları haqqında da məlumat verib.