Beynəlxalq virtual elmi konfrans

İyunun 22-də Bakı Dövlət Universiteti (BDU) Tarix fakültəsinin təşkilatçılığı ilə faşizm üzərində qələbənin 75 illiyinə həsr olunmuş “Azərbaycan İkinci Dünya müharibəsi illərində” mövzusunda beynəlxalq virtual elmi konfrans keçirilib.

Tarix fakültəsinin dekanı, professor İbrahim Zeynalov müxtəlif ölkələrdən olan alimlərin iştirakı ilə onlayn keçirilən konfransın məqsəd və əhəmiyyətindən danışıb. Bildirib ki, faşizm üzərində qələbənin əldə olunmasında Azərbaycan xalqı da ön və arxa cəbhədə böyük rəşadət və fədakarlıq göstərib. Müharibədə iştirak edən yüz minlərlə həmvətənimizdən 130 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, yüz mindən çox əsgər və zabit müxtəlif orden və medallarla təltif olunub. Qələbənin qazanılmasında azərbaycanlı çağırışçılardan ibarət 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı atıcı diviziyalar qəhrəmanlıq nümunələri göstəriblər. İkinci Dünya müharibəsində döyüşən ordunun yanacaqla təminatında və faşizm üzərində qələbədə Bakı neftinin, Azərbaycan alimlərinin, xalqımızın xüsusi yeri və rolu olub.

Konfransın moderatoru, Tarix fakültəsinin elmi işlər üzrə dekan müavini Kəmalə Nəcəfova statistik məlumatları təqdim edib. Vurğulayıb ki, İkinci Dünya müharibəsində azərbaycanlı döyüşçülərin keçdiyi şərəfli döyüş yolu, göstərdikləri qəhrəmanlıq milli qürurumuz, müharibə veteranları xalqımızın fəxridir, gənc nəslə vətənpərvərlik nümunəsidir.

Nijni-Novqorod Dövlət Texniki Universitetinin professoru Yan Şvarç “İkinci Dünya və Böyük Vətən müharibələrinin bilinməyən səhifələri və əsatirləri”, Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev “Gürcüstan İkinci Dünya müharibəsi illərində”, L.Qumilyov adına Avrasiya Universitetinin professoru Svetlana Kovalskaya “Qazaxıstanın sovet xalqının böyük qələbəsinə töhfəsi”, BDU-nun Azərbaycan tarixi kafedrasının dosenti Azad Rzayev “Bakı İkinci Dünya müharibəsi illərində”, Sankt-Peterburq Sikkə evinin əməkdaşı Leonid Vaylava “Məğlubedilməz şəhər”, Azərbaycan Texniki Universitetinin Tarix kafedrasının müdiri, professor Şikar Qasımov “Tarixi qələbənin qazanılmasında Azərbaycan xalqının rolu”, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin şöbə müdiri Lalə Hüseynova “Azərbaycan və azərbaycanlılar İkinci Dünya müharibəsi illərində” mövzusunda məruzələrlə çıxış ediblər.

Videobağlantıya qoşulan BDU-nun rektoru Elçin Babayev təşkilat komitəsinə konfransın keçirilməsinə görə təşəkkür edib.