1920-ci il sentyabrın 1-dən 7-dək Bakıda Yaxın və Orta Şərqdə imperializmdən qurtuluş mübarizəsi aparan müsəlman xalqlarının I qurultayı keçirilib. Qurultay Şərq xalqlarının milli-azadlıq hərəkatının yüksəlişi istiqamətində atılmış mühüm addım idi.

İdeya və təşkilatçılığın Azərbaycan ictimai-siyasi elitası tərəfindən irəli sürülməsi respublikamızın bu prosesdə oynadığı əhəmiyyətli rolun göstəricisi idi. Bu əlamətdar hadisənin 100 illiyi ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İctimai və Humanitar Elmlər bölmələrinin və akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun birgə təşkilatçılığı ilə “Şərq xalqlarının I qurultayı – Bakı, 1920. Şərq dünyası 100 il əvvəl və bu gün” mövzusunda elmi konfransın keçirilməsi nəzərdə tutulub.

İnstitutdan bildirilib ki, konfransda iştirak üçün tezisləri iyulun 15-dək təqdim etmək lazımdır.

Konfransa “Şərq xalqlarının Bakı qurultayı Sovet Rusiyası və Kommunist İnternasionalının Şərq siyasətinin tərkib hissəsi və göstəricisi kimi”, “1914-1920-ci illər Şərq ölkələrində gedən inqilabi proseslər Kominternin Şərq siyasətini şərtləndirən amil kimi”, “Şərq xalqlarının I qurultayı. Sovet Rusiyası və Kominternin Şərq siyasətində Azərbaycanın yeri”, “Şərq xalqlarının I qurultayı Azərbaycan və Türküstanın milli qüvvələrinin gözü ilə”, “Nəriman Nərimanov və Şərq xalqlarının I qurultayı” və s. mövzularda tezislər qəbul olunur.

Eyni zamanda iştirakçılar Şərq dünyası I və II Dünya müharibələrindən sonra, XX əsrin sonu - XXI əsrin əvvəllərində Şərq ölkələrində ideoloji və siyasi proseslər, müsəlman Şərqində dövlətçilik modeli və keçmiş SSRİ-nin müstəqilliyini bərpa etmiş respublikaları, Türkiyə Cümhuriyyəti, İran və Rusiya Federasiyası tərkibində müsəlman respublikaları mövzularına müraciət edə bilərlər.

Tezislər baki_qurultayi-100@mail.ru elektron ünvanına göndərilməlidir.