Azərbaycanlı modelyerdən Norveçin Baş Nazirinə hədiyyə

Norveçin paytaxtı Osloda bu ölkənin sabiq Baş Naziri Xyel Maqne Bundevik və İslam Dünyası Cəmiyyətinin təşəbbüsü ilə “Nifrət və ayrı-seçkiliyə qarşı necə mübarizə aparmaq olar?” mövzusunda tədbir keçirilib.

Norveçdəki “CAN” Azərbaycan diaspor təşkilatının sədri və modelyer Şervin Nəcəfpur tədbirdə iştirak edib. Azərbaycanlı modelyer tədbirə qatılan Norveçin Baş Naziri Erna Sulberq ilə görüşüb, ona “Milli mirasımızın mənşəyini kəşf et” layihəsindən hədiyyə təqdim edib.

Söhbət əsnasında Ş.Nəcəfpur layihə barədə məlumat verib. Bildirib ki, “CAN” təşkilatının təşəbbüsü və “Caspian Media Holding”in təşkilati dəstəyi ilə Norveç və Azərbaycan dostluğunun təcəssümü olan “Discovering The Land of Origin” (“Milli mirasımızın mənşəyini kəşf et”) layihəsi 2019-cu ilin iyul ayında həyata keçirilib. Bu layihənin fotoları məşhur norveçli fotoqraf və art-direktor Edmond Yanq tərəfindən çəkilib və böyük maraq oyadıb: “Biz Norveçlə Azərbaycanın mədəniyyətini bir araya gətirməyə çalışdıq. Azərbaycanlı model Elvin İsmayıla öz milli geyimimizi, Norveçdən Azərbaycana səyahət etmiş bloger Jeanette Hildebrandta isə Norveç milli geyimini geyindirib Qobustanda, Şamaxıda, Atəşgahda, Yanardağda onların fotosessiyalarını etdik”.

Baş Nazir Erna Sulberq minnətdarlığını bildirərək layihəni yüksək qiymətləndirib. O, layihənin çox vacib məsələyə toxunduğunu vurğulayaraq, diaspor təşkilatına uğurlar arzulayıb.