İyunun 25-də Mənəvi Dəyərlərin Təbliği Fondu və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 102-ci ildönümünə həsr olunmuş “İstiqlal keşikçiləri” adlı videokonfrans keçirilib.

Videokonfransda QHT sədrləri, müxtəlif universitetlərin tələbə-gənclər təşkilatları, KİV nümayəndələri, ziyalılar, şəhid ailələri və Qarabağ qaziləri iştirak ediblər.

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə konfransı açaraq Azərbaycan Ordusunun yaranma tarixindən, onun xalqımızın həyatındakı rolundan danışıb, gənclərə şəhidlərimizin əziz xatirəsini daim uca tutmağı tövsiyə edib.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov bildirib ki, tədbir heç də təsadüfən “İstiqlal keşikçiləri” adlandırılmayıb. Ordu, həqiqətən, bir xalqın, millətin müstəqilliyinin, ərazi bütövlüyünün təminatıdır.

Qarabağ qazilərindən baş leytenant Əhliyyət Mehdiyev, kapitan Anar Məmmədov və baş gizir Zamiq Əsgərov Vətənin müdafiəsi uğrunda sağlamlıqlarını itirsələr də, hər zaman doğma torpaqlarımızın müdafiəsi yolunda döyüşə hazır olduqlarını bildiriblər.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov tələbələrin belə tədbirlərdə iştirakını müsbət qiymətləndirib.

Tələbələrin ifasında vətənpərvərlik ruhunda şeir və mahnılar səslənib.