Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə bu ilin əvvəlində başlanmış “Əsgərə salam” hərbi vətənpərvərlik sosial layihəsi 26 İyun – Silahlı Qüvvələr Günü ərəfəsində davam etdirilib.

Dövlət Komitəsindən bildiriblər ki, müxtəlif peşə və yaş kateqoriyasına mənsub bir qrup şəxsin iştirakı ilə Bakıdakı Heydər Əliyev Mərkəzinin qarşısında Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi mövcud preventiv qaydalara əməl etməklə tədbir keçirilib.

Xalq artistləri Mənsum İbrahimov və Nurəddin Mehdixanlı, “Qarabağ” futbol klubunun yarımmüdafiəçisi Qara Qarayev, “ASAN Radio”nun direktoru Emin Musəvi, I qrup Qarabağ müharibəsi əlili Rəis Mürsəlov, Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev, Milli Qəhrəman Pəhlivan Fərzəliyevin həyat yoldaşı Sona Fərzəliyeva və nəvəsi Pəhlivan, Şuşa Mərkəzi Xəstəxanasının tibb bacısı Pərvanə Hümbətova və Nizami Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürəni, daxili xidmət çavuşu Elvin Qurbanov hərbçilərimizə əlamətdar gün münasibətilə təbriklərini hərbi salamla çatdırıblar.

İndiyədək minlərlə insanın iştirak etdiyi aksiyanın keçirilməsində məqsəd cəmiyyətin müxtəlif təbəqələrinin Silahlı Qüvvələrimizin Ali Baş Komandanına etimadını, ordumuzun şəxsi heyətinə dəstəyini nümayiş etdirməkdir. Aksiyaya qoşulanlar hərbi salamlama vəziyyətində şəkil çəkdirərək sosial şəbəkələrdə #esgeresalam #dovletqacqinkom həştəqlərini qeyd etməklə paylaşıblar. Silahlı Qüvvələr Günü münasibətilə şanlı hərbçilərimizi təbrik etmək istəyənlər hərbi salamlama vəziyyətində çəkdirdikləri şəkillərini həmin həştəqlərlə sosial şəbəkələrdə paylaşaraq aksiyaya qoşula bilərlər.

Paytaxtdan və bölgələrdən müxtəlif sosial qrupların, o cümlədən müharibə əlilləri və veteranlarının, ayrı-ayrı iş kollektivlərinin böyük həvəslə qoşulduqları aksiya Silahlı Qüvvələrimizin şəxsi heyətində ruh yüksəkliyi yaradır, cəmiyyətimizi vətənpərvərlik ideyası ətrafında daha sıx birləşdirir.

26 İyun – Silahlı Qüvvələr Günündən etibarən Müdafiə Nazirliyinin dəstəyi və təşkilatçılığı ilə “Əsgərə salam” aksiyasının ikinci mərhələsi ayrı-ayrı hərbi hissələrdə  keçiriləcək. Sonda Dövlət Komitəsi tərəfindən aksiya ilə bağlı hazırlanacaq videoçarx ictimaiyyətə təqdim ediləcək.

Qeyd edək ki, Dövlət Komitəsi tərəfindən “Əsgərə salam” sosial layihəsi çərçivəsində qanvermə aksiyası, fləşmob, futbol turniri və inşa müsabiqəsi keçirilib.