Xüsusi karantin rejiminin daha 2 həftə uzadılması barədə rəy var

Nazirlər Kabineti yanında Operativ Qərargahın iyunun 30-na olan məlumatına görə, Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasına 556 yeni yoluxma faktı qeydə alınıb, 346 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 17524 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 9715 nəfər müalicə olunaraq sağalıb, 213 nəfər vəfat edib. 7596 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6645, ötən müddət ərzində isə ümumilikdə 482170 test aparılıb.

Qeyd edək ki, 23 iyundan etibarən ölkədə koronavirusa yeni yoluxma sayı 500-ün üzərindədir. Mayın sonlarında aktiv xəstə sayı 2 minə yaxın idisə, iyunun sonuna bu göstərici dörd dəfəyədək artıb. Həmçinin koronavirusdan ölümlə bağlı 213 faktın150-si iyun qeydə alınıb. O cümlədən son beş gündə 33 nəfər vəfat edib. 26 iyun – 517 yeni yoluxma (7 vəfat), 27 iyun – 521 (6), 28 iyun – 534 (5), 29 iyun – 544 (8), 30 iyun – 556 (7).

***

Karantin rejimi gələcək günlərdə də öz nəticəsini göstərəcək. Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın iyunun 30-da təşkil etdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. H.Hacıyev qeyd edib ayrı-ayrı şəhər və rayonlarda 21 iyun – 5 iyul tarixi üçün tətbiq olunan xüsusi karantin rejiminin daha 2 həftə uzadılması barədə rəy var.

Koronavirusu simptomsuz və yüngül keçirən xəstələrin ev şəraitində müşahidə və müalicəsi ilkin səhiyyə xidməti, yəni poliklinikaların üzərinə qoyulur. Bu fikri  isə Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov bildirib. O qeyd edib ki, bunun nəticəsində xəstəxanaların işinin daha səmərəli olacağı gözlənilir. Vətəndaşlar koronavirusla bağlı yaşadığı ünvana uyğun poliklinikalarla əlaqə saxlayacaqlar.