Dünya Turizm Təşkilatının baş katibi pandemiyanın yaratdığı böhrandan çıxması üçün Azərbaycanla sıx əməkdaşlıq edəcəklərini deyib

Turizm pandemiya şəraitində ən çox zərər çəkmiş sahələrdən biridir. Biz bunu Azərbaycanda da, bütün dünyada da müşahidə edirik. Ona görə ki, əvvələn, pandemiya dövründə turist axını təbii olaraq çox azalıb, lakin postpandemiya dövründə də bu sahənin bərpa olunması, əlbəttə, müəyyən məhdudiyyətlərlə bağlı olacaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu sözləri iyunun 30-da BMT-nin Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili ilə videokonfrans rejimində görüşdə deyib.

Prezident İlham Əliyev diqqətə çatdırıb ki, ötən il ölkəmizdə bu sahədə rekord göstərici qeydə alınmış – 3 milyondan çox əcnəbi vətəndaş Azərbaycana səfər etmişdi: “Faiz nisbətində desək, turist axını təqribən 15 faiz artıb. Son 4-5 ildə orta illik artım göstəricisinin 10-24 faiz həddində olmasını nəzərə alsaq, deyə bilərik ki, bu sahə çox geniş vüsət alıb. Biz şadıq ki, özəl sektor bu sahəyə fəal sərmayə qoyur, dövlət də dəstək göstərir. Pandemiya dövründə biz bu sahədə işləyən insanlara maddi dəstək göstərmişik, çünki onlar praktiki olaraq işsiz qalıblar. Sahə bərpa olunmağa başlayana qədər bu dəstək göstəriləcək”.

Dövlət başçısı bildirib ki, pandemiya dövründə dünya ölkələrinin çoxu, o cümlədən Azərbaycan da öz sərhədlərini bağlayıb: “Bu, onunla bağlıdır ki, biz, ilk növbədə, insanların təhlükəsizliyi, sağlamlığı, onların həyatı barədə düşünürük”. Bununla yanaşı, diqqətə çatdırılıb ki, pandemiya zəiflədikcə Azərbaycan, Dünya Səhiyyə Təşkilatının da tövsiyələrinə riayət etməklə, sərhədlərini açacaq: “Bunun nə vaxt baş verəcəyini demək çətindir. Lakin bu, baş verən kimi, əlbəttə, turizm sektorunun bərpasına dair sizin tövsiyələriniz çox gərəkli olacaq... Yay mövsümünün az qala üçdəbir hissəsi arxada qalıb. Buna görə yəqin ki, iyul-avqust aylarında ölkələr daha çox açılacaq. Mən dünyada baş verən hadisələri müşahidə edirəm və görürəm ki, turizm istiqamətləri arasında aviasiya əlaqələri artıq bərpa olunur, buna görə biz bu prosesi çox diqqətlə izləyəcəyik.

Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili qeyd edib ki, bu gün ən vacib məsələ insanların sağlamlığıdır: “Sabahkı günə gəldikdə, Siz çox düzgün qeyd etdiniz ki, biz böyük və inkişaf etmiş ölkələrin bütün yaxşı nümunələrini dəstəkləyəcək və bütün ölkələrə göndərəcəyik. Biz Madriddə, İspaniyada yerləşirik. İspaniya həm özü, həm də turizm biznesi COVİD-19-dan zərər çəkmiş ölkələrdən biridir. Onların postpandemiya dövrü üçün çox konkret və çox maraqlı inkişaf planı var.

Biz hökmən Sizinlə əməkdaşlıq edəcəyik və vaxt itirməməyiniz, mövsüm açılan kimi sərhədləri açmağa, ölkənin populyarlaşdırılmasını davam etdirməyə hazır olmağınız üçün Sizə hazır sənəd verəcəyik. Ona görə ki, indi bütün ölkələr öz kampaniyalarına başlamağa hazırdırlar. Hamı beynəlxalq əlaqələrin açılacağı günə hazırlaşmaq istəyir. Odur ki, biz birbaşa əlaqə saxlayacağıq, bütün yaxşı ideyaları, Azərbaycanın son illərdə nail olduğu rəqəmlərə mümkün qədər tezliklə qayıtmaq üçün istifadə edilə biləcək bütün yaxşı nümunələri çox fəal şəkildə yayacağıq”.

Baş katib qeyd edib ki, hazırda 150-yə yaxın ölkənin sərhədləri bağlıdır. Turizm sektorunda dünya tarixində belə hal olmayıb. Bu günə qədər ümumi itkilərin həcmi təqribən 1 trilyon 500 milyon dollara bərabərdir. “Yəqin ki, yay tətilləri dövründə bütün dünyada yerli turizm daha çox inkişaf edəcək. İş elə gətirib ki, hələ yanvar ayında 2020-ci ili “Kənd turizmi ili” və “Regional turizm ili” elan etmişik. Biz pandemiya olacağını bilmirdik. İndi ölkələrin regionlarda infrastruktura sərmayə qoyuluşunu bərpa etmələri üçün yaxşı şans var”, – deyə Z.Pololikaşvili əlavə edib.

Bütün dünyada turizm sahəsinin bərpa olunacağına əminliyini bildirən Azərbaycan Prezidenti qeyd edib ki, ölkəmizdəki sabit ictimai-siyasi şərait, təhlükəsizlik, xalqımızın qonaqpərvərliyi, tarixi abidələr, təbiətin müxtəlifliyi, yay turizmi, qış turizmi və Azərbaycan mətbəxi – bütün bu amillər turizmin daha da inkişaf etdirilməsi üçün zəmin yaradır: “Biz bu sahəyə sərmayə qoyulmasını bundan sonra da davam etdirəcək, əcnəbi turistlər üçün daha yaxşı şərait yaradacağıq”.