BMT Baş Assambleyasının pandemiyaya qarşı mübarizə ilə bağlı xüsusi sessiyası çağırılacaq

Məlum olduğu kimi, Qoşulmama Hərəkatının sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə mayın 4-də videokonfrans vasitəsilə keçirilən “COVİD-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşündə dövlət başçımız tərəfindən pandemiyaya qarşı mübarizə ilə bağlı BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təklif olunmuşdu. Azərbaycan rəhbərinin təklifi dünya birliyi tərəfindən geniş dəstək qazanıb.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, təşəbbüs Nyu-Yorkda Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosu daxilində müzakirə edilib və Hərəkata üzv olan 120 ölkə yekdilliklə Azərbaycan Respublikası Prezidentinin təklifini dəstəkləyərək onun BMT Baş katibinə təqdim edilməsinə razılıq bildiriblər. 13 may tarixində Azərbaycan Prezidenti QH-nin sədri qismində Hərəkata üzv ölkələr adından BMT Baş katibinə məktubla müraciət edərək Baş Assambleyanın xüsusi sessiyasının çağırılması müraciətini edib.

Bundan sonra BMT Baş katibi üzv dövlətlər arasında nota yayaraq prosedur qaydalarına uyğun olaraq Azərbaycan Prezidentinin bu təşəbbüsünə 30 gün ərzində hər bir dövlət tərəfindən milli qisimdə dəstək bildirilməsini xahiş edib. Qeyd olunan vaxt çərçivəsində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Xarici İşlər Nazirliyi, Nyu-Yorkda BMT yanındakı nümayəndəliyimiz, eləcə də xaricdəki digər diplomatik nümayəndəliklərimiz akkreditə olunduqları dövlətlərdə Azərbaycan Prezidentinin təşəbbüsü barədə məlumatlandırma üzrə fəal iş aparıb və nəticədə BMT-yə üzv dövlətlərin 2/3-dən çoxunun təşəbbüsə dəstəyi təmin edilib.

Hazırda bütün dünyanın qlobal pandemiya ilə mübarizə apardığı bir vaxtda bu qlobal bəla ilə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi yüksək əhəmiyyət kəsb edir. Azərbaycan Prezidentinin təşəbbüsü ilə bu mövzunun BMT Baş Assambleyası çərçivəsində yüksək səviyyədə müzakirəsi dünyanın üzləşdiyi sağlamlıq böhranının nəticələrinin yumşaldılması və aradan qaldırılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, çoxtərəfli diplomatiyanın inkişaf etdirilməsinə ciddi töhfə verəcək.

Qeyd edək ki, BMT Baş Assambleyasının prosedur qaydalarına uyğun olaraq, Baş Assambleyanın üzvlərinin sadə çoxluğunun dəstəyi sessiyanın çağırılması üçün kifayətdir. Azərbaycan Prezidentinin təşəbbüsünə isə BMT-nin 130 ölkəsi, yəni üzvlərin 2/3-i tərəfindən dəstək ifadə olunub. Bu təşəbbüsə nəinki Qoşulmama Hərəkatına üzv dövlətlər, eləcə də Avropa İttifaqı üzvləri, Asiya, Afrika, Latın Amerikası regionlarının aparıcı dövlətləri dəstək bildiriblər. Azərbaycan Prezidentinin bu təşəbbüsünə verilən dəstək beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın göstəricisidir.

Təşəbbüsün əleyhinə çıxan tək bir ölkə var, o da Ermənistandır. Bu ölkənin BMT yanındakı nümayəndəliyi Baş katibə məktubla müraciət edərək bu təşəbbüsün həyata keçirilməsinə lüzum görmədiyini bildirib. “Dünyanın qlobal pandemiya ilə üz-üzə olduğu, bütün ölkələrin bu məsələdə beynəlxalq həmrəyliyə və əməkdaşlığa ehtiyac duyduğu bir vaxtda, Ermənistanın bu mövzuda yüksək səviyyəli iclasın keçirilməsinin əleyhinə çıxış etməsinin əsas səbəbi, əlbəttə, bu təşəbbüsün Azərbaycan tərəfindən irəli sürülməsi ilə əlaqədardır. Bu ölkə dünyamızın üzləşdiyi belə bir çətin zamanda, ən ali dəyər olan insan sağlamlığı məsələsinin beynəlxalq platformada müzakirəsinə dəstək vermir. Beləliklə də, təcavüzkar Ermənistan növbəti dəfə əsl dəyərlərinin nədən ibarət olduğunu nümayiş etdirərək özü-özünü ifşa etdi”, – deyə Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

BMT Baş Assambleyasının xüsusi sessiyası ilə bağlı növbəti mərhələdə atılacaq addımlara gəldikdə, BMT Baş katibi Antonio Quterreş üzv dövlətlər arasında məlumat yayaraq Azərbaycan Respublikası Prezidentinin təşəbbüsünə verilən dəstək və prosedur baxımdan növbəti addımların nədən ibarət olacağını açıqlamalıdır. Prosedur qaydalarına əsasən, növbəti tədbir xüsusi sessiyanın çağırılması ilə bağlı Baş Assambleyanın qətnaməsinin qəbul edilməsidir. Qətnamə qəbul edildikdən sonra ən qısa müddətdə xüsusi sessiya çağırılmalıdır.

Qeyd edək ki, Azərbaycan Prezidentinin təklifinə əsasən, xüsusi sessiyanın dövlət və hökumət başçıları səviyyəsində videokonfrans formatında keçirilməsi nəzərdə tutulur.