Türkiyənin İstanbul şəhərinin Sarıyer ilçəsinin küçələrindən birinə Azərbaycan adı verilib. Bu barədə ölkəmizin İstanbul şəhərindəki baş konsulluğundan məlumat verilib.

Baş konsulluğun təşəbbüsü əsasında Sarıyer Bələdiyyə Məclisinin müvafiq qərarı ilə, bələdiyyə ərazisindən keçən mərkəzi küçələrdən sayılan “Cendere” küçəsi “Azərbaycan” adını daşıyacaq.

Sarıyer Bələdiyyə Məclisi tərəfindən verilən qərar rəsmi prosedurların yekunlaşdırılması məqsədilə İstanbul Böyük Şəhər Bələdiyyə Məclisinin 13 iyul tarixində keçirilməsi nəzərdə tutulan iclasına təqdim olunub.

Məlumatda o da qeyd olunub ki, Sarıyer Bələdiyyəsinin ərazisində Heydər Əliyev parkı yerləşir. Parkda Azərbaycan xalqının ümummilli liderinin heykəli ucaldılıb. Heydər Əliyevin doğum və vəfat tarixləri İstanbuldakı baş konsulluğun təşəbbüsü əsasında bələdiyyənin cari protokol tədbirləri təqviminə daxil edilib.

Mehparə SULTANOVA
Ankara