Beynəlxalq Muğam Mərkəzi (BMM) və Avrasiya Xalqları Assambleyası (AXA) arasında “Tərəfdaşlarla görüş” layihəsi çərçivəsində onlayn videokonfrans təşkil edilib. Avrasiya Xalqları Assambleyasının təşəbbüsü ilə reallaşan videokonfrans Lyubov Yolkinanın moderatorluğu ilə keçirilib. Videokonfransda BMM ilə AXA arasında əməkdaşlıq və gələcək planlardan söhbət açılıb.

BMM-in direktoru Murad Hüseynov çıxış edərək rəhbəri olduğu qurumun fəaliyyətindən və ölkəmizdə muğam sənətinə göstərilən dövlət qayğısından söz açıb, regionlarda inşa edilən muğam mərkəzləri haqqında məlumat verib.

O, həmçinin BMM-in genişmiqyaslı layihələri, beynəlxalq əlaqələri, habelə milli musiqimiz, milli alətlərimiz haqqında bəhs edib.

Avrasiya Xalqları Assambleyası baş katibinin birinci müavini Svetlana Smirnova çıxışı zamanı ötən il Azərbaycanda təşkil edilən Avrasiya Xalqları Assambleyası günlərinin yüksək səviyyədə təşkilinə görə ölkəmizə bir daha minnətdarlığını ifadə edib. O, həmin tədbir çərçivəsində BMM-də əməkdaşlığa dair sazişin imzalanması və “Avrasiya məkanında mədəniyyətlərarası əməkdaşlıq” mövzusunda dəyirmi masada müzakirə edilən məsələlərin aktuallığını vurğulayıb.

Assambleyanın Beynəlxalq Mədəni Əməkdaşlıq Şurasının sədri Elmira Şerbakova yenidən Bakıda olacaqlarına, birgə layihələrin gerçəkləşəcəyinə ümidvar olduğunu bildirib.

Konfransda BMM ilə birlikdə Avrasiya xalqlarının zəngin mədəni irsinin təbliği, mədəniyyət və incəsənət ustaları arasında yaradıcı əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub. BMM-in direktoru bildirib ki, bu əlaqələr xalqların mədəniyyətinin qarşılıqlı zənginləşməsinə kömək edir, peşəkar ünsiyyət imkanlarını artırır.

AMEA-nın Folklor İnstitutu Musiqi folkloru şöbəsinin müdiri, professor Nailə Rəhimbəyli milli musiqimiz, folklor nümunələrimiz, muğam sənəti barədə, BMM-in layihələr üzrə meneceri, Avrasiya Televiziya və Radiosu Akademiyasının üzvü Arzu Qulamov BMM-in yeni fəaliyyət istiqamətləri mövzusunda fikirlərini bölüşüblər.