Respublika Gənclər Kitabxanasının “Sevilənlər, sevənlər” rubrikasında növbəti canlı  yayımın qonağı Əməkdar incəsənət xadimi, İstanbul Bələdiyyəsi Şəhər Teatrları bədii rəhbərinin müavini Məlahət Abbasova olub.

Məlahət Abbasova Respublika Gənclər Kitabxanasının kollektivini və canlı yayım izləyicilərini salamlayıb, bu fürsətə görə təşkilatçılara öz minnətdarlığını bildirib. O, Türkiyədə də davam edən pandemiya rejimi ilə əlaqədar məlumat verib, karantin şəraitində mütaliəyə, yaradıcı axtarışlara daha çox yer ayırdığını deyib.

Tanınmış aktrisa izləyicilərin suallarına əsasən kinoda və teatrda ilk rollarından söhbət açıb, Rasim Balayev, Səfurə İbrahimova, Muxtar Maniyev kimi korifeylərlə bağlı xatirələrini bölüşüb.  Məlahət xanım Türkiyədə aparılan serial çəkilişləri haqqında danışaraq, qardaş ölkədə kino çəkilişlərinin maraqlı nüanslarından, məşhur türk serialı “Min bir gecə”yə dəvət olunmasından bəhs edib.

Öz fəaliyyətində Azərbaycan-Türkiyə mədəni əlaqələrinin inkişafına geniş yer verən Məlahət Abbasova İstanbul teatrı səhnəsində rejissorluq fəaliyyətindən, Hüseyn Cavidin “İblis”, Elçinin  “Şekspir” və s. əsərlərin səhnələşdirilməsindən danışıb, bu sahədə tamaşaçıları yaxın gələcəkdə daha gözəl yeniliklərin gözlədiyini vurğulayıb. Canlı yayım zamanı qonaq aparıcı Günay Həsənovanın səsləndirdiyi izləyici suallarını da cavablandırıb.