İndoneziya ilə turizm əməkdaşlığına dair vebinar

Ölkəmizin İndoneziyadakı səfirliyinin və Azərbaycan Turizm Bürosunun birgə təşkilatçılığı ilə “Azərbaycan: bir daha bax” adlı onlayn vebinar keçirilib. İki ölkənin turizm sənayesi nümayəndələrinin qatıldığı onlayn görüş İçərişəhərin UNESCO-nun Dünya irs siyahısına daxil edilməsinin 20 illiyinə həsr olunub.

Azərbaycan Turizm Bürosunun Beynəlxalq bazarların idarə edilməsi departamentinin direktoru Sevinc Zeynallının moderatorluğu ilə keçirilən vebinarda Azərbaycanın İndoneziyadakı səfirliyinin müşaviri Gültəkin Həbibli “İçərişəhər – Bakının incisi” mövzusunda təqdimatla çıxış edib. O, İçərişəhərin Azərbaycan xalqı üçün xüsusi əhəmiyyətə malik olduğuna diqqət çəkərək ölkəmizə gələn turistlərin bu tarixi məkana böyük maraq göstərdiyini vurğulayıb. İçərişəhər 2000-ci ildə UNESCO-nun Dünya irs siyahısına daxil edilib. Bu hadisənin 20 illiyi ilə bağlı Azərbaycan Prezidentinin xüsusi sərəncam imzaladığı diqqətə çatdırılıb.

Səfirliyin ikinci katibi İntiqam Hüseynov Azərbaycanın tarixi, zəngin mədəniyyəti, turizm potensialı, Azərbaycan-İndoneziya münasibətləri və iki ölkə arasında turizm əlaqələri haqqında məlumat verib. Ölkələrimiz arasında turizm sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumunun imzalanmasının nəzərdə tutulduğu bildirilib.

Azərbaycan Turizm Bürosunun Asiya üzrə regional meneceri Rüfət Sadıqov ölkəmizin turistik məkanları, bu sahədə yaradılmış infrastruktur, pandemiya dövründə görülən işlər və “SAHMAN” proqramı barədə danışıb.

İndoneziyanın “Perfect Holiday” şirkətinin təsisçisi və baş icraçı direktoru Miko Puci Utomo ölkəsinin turistik imkanları haqqında danışıb. O, indoneziyalı turistlərin Azərbaycana böyük maraq göstərdiklərini vurğulayıb, şirkətin Azərbaycana təşkil etdiyi turistik səfər paketi haqqında məlumat verib.

Vebinar zamanı Azərbaycan Turizm Bürosu tərəfindən hazırlanan və İçərişəhərin tarixi haqqında ətraflı məlumat verən bələdçilərin iştirakı ilə təqdim olunan virtual tur böyük maraqla qarşılanıb.