Koronavirus pandemiyası səbəbindən Gürcüstandakı bütün muzeylər mart ayının ortalarında fəaliyyətini dayandırıb. Hökumətin qərarına əsasən, muzeylər təhlükəsizlik qaydalarına ciddi əməl etməklə fəaliyyətlərini mərhələli şəkildə bərpa etməyə hazırlaşır.

Hələlik yalnız açıq havada və məkanlarda olan muzeylərə icazə verilib.

Bu gün ölkədə 253 muzey və muzey-qoruq fəaliyyət göstərir. Onların 12-si son 2 ildə açılıb. Paytaxt Tbilisidə 60 muzey fəaliyyət göstərir.

Tbilisidə Azərbaycan mədəniyyətini, incəsənətini, maddi və mədəni sərvətlərini təbliğ edən 3 muzey var.

Bunlardan ən böyüyü Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyidir. İkincisi, bu muzeyin nəzdində fəaliyyət göstərən Nəriman Nərimanovun ev-muzeyidir. Üçüncüsü isə ciddi təmirə ehtiyacı olan və bu səbəbdən fəaliyyət göstərməyən Cəlil Məmmədquluzadənin ev-muzeyidir.

Hər üç muzeydə Azərbaycan mədəniyyətinə, ədəbiyyatına aid çoxsaylı eksponat var.

Azərbaycan Prezidentinin tapşırığına əsasən, SOCAR şirkətinin əsaslı təmir etdirdiyi üçmərtəbəli M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyini keçən il ərzində 10 mindən çox insan ziyarət edib. Muzeyin divarlarındakı lövhələrdə qızılı hərflərlə yazılmış dövlət himni ziyarətçilərin diqqətini çəkir.

Muzeyin mərtəbələrini gəzdikcə M.F.Axundzadənin həyat və fəaliyyəti, onun yaradıcılığının personajları ilə yanaşı, Azərbaycan ədiblərinin əsərlərinin nümunələri, xalq yaradıcılığının ayrı-ayrı sahələrinə aid çoxsaylı eksponatla tanış olmaq mümkündür.

Muzeydəki kitabxanada Azərbaycan ədiblərinin əsərləri ilə yanaşı, dünya ədəbiyyatı inciləri də qorunub saxlanılır. Üçüncü mərtəbədəki konfrans zalında müxtəlif tədbirlər, dəyirmi masa və konfranslar, musiqi gecələri təşkil olunur.

Muzeyin nəzdində rəsm, dil, musiqi və xalçaçılıq kursları fəaliyyət göstərir. Onlarla uşaq burada toxuculuq sənətini, musiqi alətlərində ifa etməyi, rəsm çəkməyi öyrənirlər. Azərbaycan dili kursunun dinləyiciləri arasında isə gürcülərlə yanaşı, ABŞ, Almaniya, Fransa, Çexiya və digər ölkələrin vətəndaşları da var.

Muzeyin direktoru, Azərbaycanın və Gürcüstanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva AZƏRTAC-a bildirib ki, pandemiya ilə əlaqədar muzeydə eksponatlara, yazılı ədəbiyyat nümunələrinə ziyan vurmadan təmizlik, dezinfeksiya işləri aparılıb. Muzey yaxın vaxtlarda ziyarətçilərin üzünə açılacaq.

N.Nərimanovun ev-muzeyində isə Azərbaycan ədəbiyyatı ilə yanaşı, görkəmli ədib və dövlət xadiminin həyat və yaradıcılığı ilə də tanış olmaq mümkündür.

Bu mədəniyyət ocağı da SOCAR-ın maliyyə yardımı hesabına əsaslı təmirdən sonra 2017-ci ildə istifadəyə verilib.