İyulun 2-də Dövlət İmtahan Mərkəzi tərəfindən növbəti buraxılış (qəbul) imtahanları keçirilib.

DİM-dən verilən məlumata görə, imtahanlar Daşkəsən, Gədəbəy, Tovuz, Şamaxı, Şəki, Bərdə, Ağcabədi, Ucar, Şirvan, Lerik və Qusarda ümumilikdə 67 imtahan binasında təşkil edilib. İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.

İlkin məlumatlara əsasən, imtahanlarda hər hansı qayda pozuntusu baş verməyib.

9-cu sinif üzrə buraxılış imtahanları, 9 illik orta təhsil bazasında kolleclərə qəbul imtahanları və Azərbaycan dili (dövlət dili) imtahanlarının nəticələri yaxın 5 gün ərzində elan olunacaq.

11-ci sinif buraxılış imtahanlarında istifadə olunan açıqtipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.

İyulun 3-də müvafiq qrafik üzrə digər şəhər və rayonlarda imtahanlar keçiriləcək.