“Rəqəmsal bölünmələri bağlayın: COVİD-19-a rəqəmsal cavab” mövzusunda videokonfrans keçirilib. Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov videokonfransda çıxış edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, Elmar Məmmədyarov dünyanın koronavirus pandemiyası (COVİD-19) ilə apardığı mübarizənin davam etdiyi dövrdə belə bir görüşün təşkilinin əhəmiyyətini qeyd edib. Nazir bildirib ki, virusun sürətlə yayılması bütün bəşəriyyət üçün ciddi bir çağırışdır. COVİD-19 zərər çəkmiş ölkələrdə dağıdıcı sosial, iqtisadi və siyasi böhranlar və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərində (Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyi – red.) irəliləyiş əldə etməkdə əngəllər yaradır.

Vurğulanıb ki, pandemiya, həmçinin bu cür hallar zamanı davamlı cavab reaksiyasının qurulması üçün rəqəmsal texnologiyadan istifadə etmək qabiliyyətinin artırılmasının nə qədər vacib olduğunu qiymətləndirmək imkanı verdi. Pandemiyanın ilk günlərindən etibarən rəqəmsal texnologiyalar COVİD-19 ilə mübarizə üzrə milli cavab strategiyalarının mərkəzində olub.

Azərbaycanın COVİD-19-un təsirinə milli cavabının bir hissəsi olaraq informasiya texnologiyalarından fəal şəkildə istifadə etdiyini bildirən nazir qeyd edib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən elektron xidmətləri hər bir şəxs üçün əlçatan edən vahid rəqəmsal platforma istifadəyə verilib. Onlayn mağazaları, təhsili, səhiyyəni, əyləncə və malların çatdırılması ilə bağlı linkləri bir araya toplayan platforma istifadəçilərin onlara çıxışını asanlaşdırır, o cümlədən onlayn biznesin yaradılması və aparılması ilə bağlı təlimlər daxil olmaqla bir sıra virtual təhsil imkanları təklif edir.

Bununla yanaşı, karantin rejimi zamanı insanların evdən çıxmasına icazə verilməsini tənzimləyən elektron platforma və “Azcloud” infrastrukturuna əsaslanan yeni videokonfrans sistemi yaradılıb. Təhsil prosesi distant formada davam etdirilib, kanallar teledərslər yayımlayıb, həmçinin bu dərslərin çəkilişi Təhsil Nazirliyinin təlim platformasında yerləşdirilib.

Nazir daha sonra deyib: “Pandemiya, eyni zamanda göstərdi ki, informasiya və rabitə texnologiyası vasitələrinə və genişzolaqlı rabitəyə giriş baxımından başlanğıc nöqtəsi hamı üçün eyni olmadı, çünki inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında bölgələrarası və bölgələrdaxili rəqəmsal bölünmə var. Bununla əlaqədar olaraq, ölkələrə ehtiyatları səfərbər etmək və uzaqdan mal və xidmətlər göstərmək üçün müasir və kontekstə uyğun həll yolları tətbiq etməkdə köməklik göstərmək məqsədilə səylərin birləşdirilməsi vacibdir”.

Diqqətə çatdırılıb ki, Azərbaycan yaranmış vəziyyətdə Dünya Səhiyyə Təşkilatına, xüsusilə Afrika, Asiya və Latın Amerikasındakı ehtiyacı olan əhaliyə kömək etmək məqsədilə 10 milyon dollar yardım göstərib. Azərbaycan Prezidenti Qoşulmama Hərəkatının sədri kimi BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsü ilə çıxış edib və bu təşəbbüs BMT üzv dövlətlərinin əksər çoxluğunun dəstəyini qazanıb.