Virusa yoluxma hallarını azaltmaq üçün bəzi ərazilərdə sərtləşdirilmiş karantin rejimi tətbiq olunur. İnkubasiya dövrünü nəzərə alsaq, daha əvvəlki yoluxma hallarının olması səbəbindən rəqəmlərdə davamlı artım müşahidə edilir. Gündəlik yoluxma faktı 500-dən çoxdur. Əminliklə demək olar ki, əgər sərt karantin rejimi tətbiq olunmasaydı, bu rəqəmlər daha da artmağa doğru gedə bilərdi.

Bu fikri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yoluxucu xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.

Onun sözlərinə görə, gündəlik 500-dən yuxarı yoluxma faktı ölkəmiz üçün minimal göstərici deyil: “Bu, sadəcə, test nəticəsi pozitiv olan xəstələrin göstəricisidir. O qədər gec dönəmdə həkimə müraciət edən, kompüter tomoqrafiyası və klinik əlamətlərinə görə koronavirus diaqnozu qoyulan insanlar var ki, onlarda test nəticəsi neqativdir. Test nəticəsi istər pozitiv, istərsə də neqativ olanların ailə üzvlərini və təmasda olduqları digər insanları yoluxdurma ehtimalı realdır. Bu səbəbdən karantin rejiminin davam etməsinə baxmayaraq, yoluxma halları da qeydə alınacaq. Əlavə xəstəxanaların açılması, digər xəstəxanaların da koronaviruslu xəstələrin müalicəsi üçün cəlb edilməsi ilə hələ ki vəziyyəti nəzarət altında saxlaya bilirik”.

Vasif Əliyev bildirib ki, mövcud vəziyyətdə önəmli olan yoluxma sayını azaltmaqdır: “Bu qlobal bəlanın qarşısını almaq üçün ya peyvənd olmalıdır, ya da insanlar təbii yolla yoluxmalıdırlar. Sadəcə, burada önəmli olan vəziyyətin nəzarət altında saxlanılmasıdır. Virusa qarşı peyvəndin nə zaman hazır olacağına dair hər hansı bir dəqiq məlumat yoxdur. Peyvənd ilin sonuna kimi və ya gələn il hazır ola bilər. Heç hazır olmaya da bilər. Hazırlanan peyvəndin nə qədər güvənli olub-olmadığı da hələ bəlli deyil. Bununla bağlı işlər gedir. Lakin eyni vaxtda xeyli insanın yoluxmaması, xəstəxanaların dolmaması, vəziyyətin kritik həddə çatmaması üçün vəziyyəti nəzarətdə saxlamaq lazımdır”.