Festivalda ölkəmiz də təmsil olunub

Dünya Folklor Birliyi (World Folklore Union İGF) tərəfindən virtual olaraq təşkil edilən beynəlxalq festivalda ölkəmiz də təmsil olunub. Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin elmi katibi, Bakı Dövlət Universitetinin müəllimi Cavid Əliyev festivalda iştirak edib

Festivalın birinci günü elmi-praktik konfrans, ikinci günündə isə milli geyimlərin təqdimat mərasimi olub.

Videokonfransın əsas müzakirə mövzusu mövcud pandemiya dövründə beynəlxalq onlayn festivalların təşkili, dünya ictimaiyyətinə mədəniyyətin dəstəyi ilə yüksək əhval-ruhiyyənin aşılanması, eyni zamanda hər bir ölkənin milli mədəniyyətinin tanıdılması olub.

MEMİM-in elmi katibi C.Əliyev çıxışında mədəniyyət sahəsində fasiləsizliyin önəmindən, habelə milli identikliyin qorunması baxımından folklor festivalının əhəmiyyətindən bəhs edib. Qeyd edib ki, respublikamızda hər iki ildən bir milli azlıqların folklor festivalı, habelə xalq teatrlarının müsabiqəsinin təşkili və bu mövzuya uyğun konfranslar keçirilir.

Festivalın 2-ci günündə Azərbaycanın milli geyimi olan çuxa haqqında videorolik təqdim olunub və bu əlbəsə barədə ətraflı məlumat verilib. Çuxanın tarixi, istifadə qaydaları, hansı əsərlərdə rast gəlinməsi barədə bilgilər festival iştirakçılarının diqqətinə çatdırılıb. Çuxanın hazırkı dövrdə əsasən milli rəqslərin ifası zamanı istifadə olunduğu vurğulanıb.

Dünya Folklor Birliyi 1949-cu ildə Fransada yaradılıb. 50-dən artıq ölkəni özündə birləşdirən təşkilat beynəlxalq müstəvidə milli adət-ənənələrin təbliği və folklor nümayəndələrinin tanıdılmasında böyük nüfuza malikdir.

Virtual Beynəlxalq Folklor Festivalının moderator ölkəsi Rumıniya olub. Tədbirə dünyanın bir çox ölkələrindən (İtaliya, İspaniya, Türkiyə, Rusiya, Hindistan, Meksika, Ukrayna, Belarus, Polşa və s.) nümayəndələr qatılıb.