“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (QSC) bir sıra ölkələrin media qurumları ilə əlaqələrini genişləndirir. Türkiyənin Radio və Televiziya Qurumu ilə əməkdaşlıq çərçivəsində yeni layihəyə başlanılıb.

Azərbaycan Radiosu ilə “Türkiyənin səsi” radiosu “Durna teli” adlı proqramla ilk birgə yayımını həyata keçirib.

Verilişə telefon bağlantısı ilə qoşulan Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim və Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral iki dövlət arasındakı əməkdaşlıqdan danışıblar, yeni layihənin xalqlarımızın qardaşlıq münasibətlərinə töhfə verəcəyini bildiriblər.

“Türkiyənin səsi” radiosunun Ankaradakı studiyasının qonağı olan Azərbaycan Televiziyasının Türkiyə təmsilçisi Yalçın Tahiroğlu isə televiziyamızın keçdiyi yol, son dövrdə aparılan islahatlar, proqramların forma və məzmunundakı yeniliklərdən bəhs edib.

“Durna teli” proqramı ilk mərhələdə hər həftənin cümə günü Bakı vaxtı ilə saat 12:00-da yayımlanacaq.

Gələcəkdə birgə layihələrlə bağlı əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. 41 dildə yayımlanan “Türkiyənin səsi” radiosu ilə əməkdaşlıq Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynayacaq.

Qeyd edək ki, bu ilin fevral ayında Bakıda Azərbaycan və Türkiyənin dövlət başçılarının iştirakı ilə keçirilən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC ilə Türkiyə Radio və Televiziya Qurumu arasında əməkdaşlığa dair yeni protokol imzalanıb. İki radionun ortaq yayıma başlaması sənəddə nəzərdə tutulan əməkdaşlıq planlarının bir nümunəsidir.