Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Qazaxıstan Respublikasının birinci Prezidenti – Elbası Nursultan Nazarbayevin 80 illiyi münasibətilə “Zaman və düşüncələr” kitabı çapa hazırlanır.

Nəşrdə Nursultan Nazarbayevin müxtəlif tədbir və konfranslardakı çıxışlarında, məqalələrində və müxtəlif illərdə çap olunan kitablarında yer almış fikirləri və düşüncələri toplanıb. Fərqli mövzuları əhatə edən fikirlərində o, dövlət xadimi və siyasətçi kimi, fəlsəfi görüşlərini ortaya qoyaraq geniş panoramda Qazaxıstanın tarixi və müasir portretini yaradıb.

Qeyd edək ki, Nursultan Nazarbayevin “Tuğan elim - Tiregim” (2001), “Özümün bilgilərim” (2003), “Düşüncələrimi xalqımla bölüşürəm” (2007) kitabları da oxucular tərəfindən böyük maraqla qarşılanıb. “Zaman və düşüncələr” kitabı da həmin əsərlərin məntiqi davamıdır.

İyulun 6-da 80 yaşı tamam olan Nursultan Nazarbayev həmçinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Fəxri prezidentidir. Bu status ona Türk Şurasının 2019-cu ilin oktyabrında Bakıda keçirilən VII sammitində verilib. Sammitdə, həmçinin Nazarbayevə  “Türk Dünyasının Ali Orden”i təqdim olunub.