Azərbaycan Turizm Bürosu tərəfindən peşəkar dizaynerlər və “Azərbaycan: bir daha bax” konsepsiyası barədə daha geniş məlumat axtarışında olanlar üçün Azərbaycan Brend Mərkəzi platforması yaradılıb.

Dövlət Turizm Agentliyindən bildirilib ki, Azərbaycan və ingilis dillərində fəaliyyət göstərən platformada istifadəçilərə brendin tarixçəsi barədə məlumat verilməklə yanaşı, bu brendə daxil olan elementlərin müxtəlif formaları ilə tanış olmaq, məlumatları müxtəlif vizuallıqlarda əldə etmək imkanı təqdim olunur.

Platforma vasitəsilə, həmçinin mövcud brend elementlərini də yükləmək mümkündür. Bundan başqa, veb-sayta mütəmadi olaraq yenilənəcək foto və video baza da daxildir.

Veb-saytın imkanlarından istifadə etmək üçün https://azerbaijanbrandcenter.com/user/login keçidinə daxil olaraq onlayn qeydiyyatdan keçmək tələb olunur.

Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid Azərbaycan Brend Mərkəzinin yaradılmasını peşəkar, eləcə də həvəskar dizaynerlərin brend ideyasının ərsəyə gətirilməsi və dizayn bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı biliklərə yiyələnə bilməsi baxımından uğurlu addım kimi qiymətləndirib.

Xatırladaq ki, “Azərbaycan: bir daha bax” qlobal marketinq kampaniyası ilk dəfə 2018-ci ilin noyabr ayında Londonda keçirilən “World Travel Market” sərgisində dünya ictimaiyyətinə təqdim edilib. Azərbaycanın yeni turizm brendi bu günədək 15 ölkədə keçirilmiş 30-a yaxın beynəlxalq sərgi və təqdimatlarda ölkənin turizm imkanlarının yeni tərzdə çatdırılmasında önəmli rol oynayaraq 20-dən çox beynəlxalq mükafata layiq görülüb.

Azərbaycan Turizm Bürosu pandemiya dövründə onlayn vebinarlar və görüşləri də davam etdirir. Dövlət Turizm Agentliyindən verilən məlumata görə, onlayn görüşlərdə Yaxın Şərq ölkələri, Hindistan, Çin, Rusiya, Belarus, Qazaxıstan, Polşa, Almaniya, Böyük Britaniya, İtaliya, Hollandiya və Norveçdən olan turoperatorlar və turizm şirkətləri ilə postpandemiya dövründə dünya turizminin yeni inkişaf trendləri və turizm sənayesindəki dəyişikliklər mövzusunda müzakirələr aparılıb. Hədəf bazarlardan olan turizm şirkətlərinin nümayəndələri ilə keçirilən vebinarlara isə 470-dən çox iştirakçı qatılıb.

Azərbaycan haqqında “E-öyrənmə” onlayn təlim platforması (elearning.tourismboard.az) vasitəsilə Avropa, 40-dan çox ölkədən 312 nəfər Azərbaycan haqqında ümumi məlumat, Azərbaycan təbiəti, şərab turları, alman irsi, yəhudi irsi, müalicəvi turizm məhsulları, qastronomiya, həmçinin regionların turizm imkanları kimi bir neçə moduldan ibarət olan təlimlərdə iştirak edərək “Azərbaycan turizmi üzrə ekspert” statusunu qazanıb.