Nazirlər Kabineti yanında Operativ Qərargahın iyulun 14-nə olan məlumatına görə, Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasına 543 yeni yoluxma faktı qeydə alınıb, 510 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 25 113 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 16 150 nəfər müalicə olunaraq sağalıb, 319 nəfər vəfat edib, 8644 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8217, ötən müddət ərzində isə ümumilikdə 584 466 test aparılıb.

Qeyd edək ki, may ayından sonra ilk dəfə iyulun 13-də ölkədə koronavirusa yoluxma üzrə müsbət dinamika qeydə alınıb. Həmin gün infeksiyadan sağalaraq evə buraxılanların sayı (547) yeni yoluxma sayını (529) üstələyib.

Ümumilikdə isə 23 iyundan etibarən ölkədə koronavirusa yeni yoluxma sayı 500-600 arasında dəyişir. Son günlər sağalma sayı da artmaqdadır. 9-13 iyul tarixinin statistikası isə belədir: 9 iyul – 548 yoluxma (491 sağalma), 10 vəfat; 10 iyul – 526 (502), 8; 11 iyul – 531 (514), 6; 12 iyul – 520 (486), 8; 13 iyul – 529 (547),  7.

Ölkə üzrə ümumi yoluxma sayının 55,3 faizi Bakının payına düşür. Koronavirusinfo.az saytında yer alan məlumata görə, paytaxtdan sonra ən çox yoluxma Abşeronda (17 faiz), Gəncə-Qazax bölgəsində (7,7 faiz), Aran zonasında (7,4 faiz) və Lənkəranda (5,6 faiz) qeydə alınıb.