İmtahanlar sərtləşdirilmiş karantin rejimi şəraitində də müvafiq icazə əsasında keçirilə bilər

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 20-dən sonra növbəti imtahanların keçirilməsi nəzərdə tutulur.

DİM-dən bildirilib ki, son bir ayda (iyunun 10-dan etibarən) ölkə ərazisində bir sıra şəhər və rayonlar üzrə 9 və 11-ci siniflər üzrə buraxılış imtahanları, 9-cu sinif təhsil bazasında kolleclərə qəbul imtahanları, 9 və 11-ci sinif şagirdləri üçün Azərbaycan dili (dövlət dili kimi) imtahanları, həmçinin əvvəlki illərin məzunları üçün qəbul imtahanları keçirilib. Bu imtahanlarda ümumilikdə 142 mindən artıq şagird (abituriyent) iştirak edib.

Məlumatda bildirilir ki, hazırda sərtləşdirilmiş karantin rejimi tətbiq olunan 16 şəhər və rayonda Dövlət İmtahan Mərkəzi tərəfindən buraxılış və qəbul imtahanlarının keçirilməsi üçün də tədbirlər planı hazırlanıb və aidiyyəti qurumlarla razılaşdırılır. Tədbirlər planı DİM Direktorlar Şurasının iyulun 14-də keçirilən iclasında müzakirə edilərək Nazirlər Kabineti yanında Operativ Qərargaha təqdim olunub.

Qərargah tərəfindən icazə veriləcəyi təqdirdə iyulun 20-dən sonra növbəti 2 həftə ərzində və hər həftə 2 dəfə olmaqla hazırda sərtləşdirilmiş karantin rejimi tətbiq olunan rayon və şəhərlərdə buraxılış (qəbul) imtahanlarının keçirilməsi nəzərdə tutulur. Qeyd olunmalıdır ki, bu imtahanlarda iştirakçıların kütləviliyinin azaldılması məqsədilə kolleclərə (və ya hərbi liseylərə) ərizə verməyən 9-cu sinif şagirdləri iştirak etməyəcəklər. Bu şagirdlər üçün buraxılış imtahanı sentyabr ayında keçiriləcək. Həmçinin ali məktəblərə (kolleclərə) sənəd verməyən və buraxılış imtahanlarında iştirak etməyən 11-ci sinif məzunları üçün də sentyabr ayında buraxılış imtahanları keçiriləcək.

Daha sonrakı həftələrdə isə sanitar-epidemioloji vəziyyətin əlverişli olacağı və Operativ Qərargah tərəfindən icazə veriləcəyi təqdirdə ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsinin (blok imtahanları) keçirilməsi nəzərdə tutulur. Bu imtahanlarda 73 min abituriyentin iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, imtahan keçiriləcək tarixlərdə hansısa rayon və şəhərdə sərtləşdirilmiş karantin rejimi tətbiq olunarsa, həmin bölgələrdəki imtahan iştirakçıları haqqında məlumat bazası aidiyyəti qurumlara təqdim ediləcək, imtahan iştirakçılarının və ehtiyac olarsa, iştirakçını müşayiət edən bir nəfərin imtahan binasına gedib və imtahandan sonra qayıtmasına icazə veriləcək.

“Abituriyentlərin və onların valideynlərinin, eləcə də müəllimlərin narahatlığı başa düşüləndir. Lakin hər bir şəxs bu həssas məqamda səbir nümayiş etdirməli, adi qaydada öz imtahanlarına hazırlaşmalıdır. Mərkəz tərəfindən, əvvəlki imtahanlarda olduğu kimi, bundan sonra da keçiriləcək imtahanlarda obyektivlik və ədalətlilik prinsipləri qorunmaqla abituriyentlərin tam təhlükəsiz şəraitdə imtahan verməsi təmin olunacaq”, – deyə məlumatda bildirilir.