Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) 2019/2020-ci tədris ilinin başa çatması münasibətilə onlayn formatda “Məzun günü” keçirilib. Bu münasibətlə məzunlara təbriklərin yer aldığı videoçarx yayımlanıb.

Videoçarxda Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, ATMU-nun rektoru İlham Mədətov, ATMU-nun ikili diplom proqramı üzrə tərəfdaşı – Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universitetinin baş icraçı direktoru, professor Karl Ensfelner məzunları təbrik ediblər.

Fuad Nağıyev çıxışında Azərbaycan Turizm və Menecment Universitetinin məzunlarına gələcək həyatlarında uğurlar arzulayıb.

Rektor İlham Mədətov məzunlara böyük hədəflərə gedən yolda müvəffəqiyyətlər diləyib, onlarla universitet arasında əlaqələrin davam edəcəyinə inamını ifadə edib.

Professor Karl Ensfelner məzunlara ünvanladığı müraciətdə bildirib: “Siz özünüzlə fəxr etməlisiniz! Bu gün sizin gününüzdür! Çəkdiyiniz zəhmətdən sonra bu gün məhsul yığımı vaxtıdır! Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universiteti adından mən sizlərə uğurlu karyera və xoşbəxt həyat arzu edirəm!”.

ATMU-nu təhsil aldıqları ixtisaslar üzrə birinciliklə bitirən bakalavriatura və magistratura pillələrinin cari ildəki  məzunlarının təbrik çıxışları da videoçarxda yer alıb.

Videoçarx ATMU-nun sosial şəbəkələrdəki hesablarında izləyicilərə təqdim edilib.

Məlumat üçün qeyd edək ki, hazırda ATMU-da 3 fakültə və 10 kafedra fəaliyyət göstərməklə təhsilin bakalavr pilləsi üzrə 12, magistratura pilləsində 18 ixtisas üzrə tədris həyata keçirilir. Doktorantura və əlavə təhsil proqramlarına da qəbul aparılır.