Azərbaycan Respublikası Gənclər Fondunun və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) birgə təşkilatçılığı ilə iyulun 21-də Azərbaycan milli mətbuatının 145 illik yubileyinə həsr olunmuş onlayn konfrans keçirilib.

Onlayn konfransda Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və KİVDF-nin icraçı direktoru Əhməd İsmayılov çıxış ediblər.

Görüşə KİV nümayəndələri və jurnalistika ixtisası üzrə təhsil alan çoxsaylı gənc qoşulub. Jurnalistlər çıxış edərək bildiriblər ki, 145 yaşını qeyd edən, görkəmli ziyalı, maarifçi-publisist Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatımız çətin və şərəfli inkişaf yolu keçərək özünün ən yaxşı ənənələrini davam etdirir, cəmiyyətimizin inkişafına, xüsusilə gənc nəslin tərbiyəsində əhəmiyyətli töhfəsini verir.

Bu yolda tarixi xidmətlər göstərmiş fədakar ziyalılarımızı dərin hörmət hissi ilə yad edən çıxışçılar Azərbaycan mətbuatının qarşısında duran vəzifələrdən söz açıb, beynəlxalq münasibətlərin tərkib hissəsinə çevrilmiş informasiya müharibəsi dövründə jurnalistlərin üzərinə düşən məsuliyyət barədə maraqlı fikir mübadiləsi aparıblar.

Çıxışlarda Prezident İlham Əliyevin sərəncamı ilə milli mətbuatımızın yaranmasının 145-ci ildönümünün qeyd edilməsinin əhəmiyyəti xüsusi vurğulanıb, dövlətin mediaya dəstəyindən bəhs olunub.