Son günlər koronavirusa yoluxanların sayındakı azalma sevindiricidir. Bu tendensiya davam etsə, daha çox yumşalmalara gedəcəyik.

Bu fikri iyulun 20-də Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

Prezidentin köməkçisi deyib ki, bununla belə, insanlar sosial məsafəni qorumalı, maska taxmalı, gigiyenaya diqqət yetirməlidir: “Qaydalara əməl olunmasa, yoluxmanın səviyyəsi artsa, yenidən sərtləşdirməyə getmək məcburiyyətində qala bilərik”.

Şahmar Mövsümov qeyd edib ki, karantin rejimində növbəti yumşalma avqustun 5-dən sonra baş verə bilər. Kafe, mağaza və restoranların açılması da tədricən olacaq: “Biz bunu tədricən etməliyik ki, yenidən sərt karantinə getməyək. Burada ən böyük rol vətəndaşların üzərinə düşəcək. Sadə qaydalara riayət etməklə açılmaları tezləşdirə bilərik. İnşallah, bununla da peyvəndin tapılmasına qədər gedə bilərik. Bəli, yumşalmalara gedəcəyik, bu tədricən olacaq”.

Prezidentin köməkçisi diqqətə çatdırıb ki, müxtəlif ölkələrdə karantin sonrası yenidən yoluxma artdığından təkrar məhdudiyyətlər tətbiq edilir. İsraildə çimərliklər açılmışdı, amma bundan sonra yoluxma artdığı üçün karantinə gedildi.

Ölkəmizdə çimərliklərin nə vaxt açılacağı barədə suala cavabında Prezidentin köməkçisi deyib ki, hazırkı vəziyyətdə bu mümkün deyil. Böyük kütlə bir yerə gəldikdə yoluxma riski artır. İnsanların çimərlikdə məsafəni saxlaması çətindir. Amma biz bunu təşkil olunmuş bir qaydada edə bilsək, bu istiqamətdə addım ata bilərik: “Avqustun 5-nə qədər çimərlikləri aça bilməyəcəyik. Avqustun 5-dən sonra təhlükəsizlik tədbirlərini həyata keçirmək olarsa, bunu edəcəyik”.

Prezidentin köməkçisi qarşıdan gələn Qurban bayramı barədə də danışıb. Bildirib ki, bayramın keçirilməsi üçün xüsusi tədbirlər hazırlanır, bu barədə əhaliyə məlumat veriləcək.

Mətbuat konfransında ictimaiyyəti maraqlandıran digər vacib məsələ – buraxılış və qəbul imtahanları barədə də danışılıb.

Dövlət İmtahan Mərkəzinin Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə bildirib ki, iyulun sonunadək – bu həftə və gələn həftə buraxılış imtahanlarının tamamlanması nəzərdə tutulur. Ondan sonra imtahan nəticələri emal olunmalıdır. Bu proses təxminən 15 gün çəkir: “Sonrakı dövrdə qəbul imtahanlarının ikinci mərhələsini keçirməyi planlaşdırmışıq. Bu isə ixtisas qrupu üzrə olan imtahanlardır. Təxminən avqust ayının ikinci yarısından etibarən bu imtahanların keçirilməsinə başlayacağıq”.

Sektor müdiri deyib ki, qəbul imtahanlarının keçirilməsinə 4 gün ayrılacaq: “Bütün imtahanlar epidemioloji vəziyyətdən asılıdır. Bunlar hər gün təhlil olunur, müvafiq qurumlarla əlaqə saxlanılır ki, imtahanları keçirmək mümkündür, ya yox. Biz əmin olandan sonra ki hər hansı təhlükə yoxdur, imtahan keçirə bilərik, ondan sonra hansı tarixlərdə hansı şəhər və rayonlarda kimlər üçün imtahan keçiriləcəyini elan edirik”.