Tovuz rayonu istiqamətində Ermənistanın növbəti hərbi təxribatı və Azərbaycan Ordusunun düşmənə qarşı sərt cavab tədbirləri ölkə ictimaiyyəti ilə yanaşı, vətəndən kənarda yaşayan mədəniyyət xadimlərini də ayağa qaldırıb. Onlar da  sosial şəbəkə hesablarından paylaşım edərək dövlətimizə və ordumuza dəstəklərini  ifadə ediblər.

Almaniyada yaşayan Xalq rəssamı Əşrəf Heybətov öz “Facebook” səhifəsində “Sabah müharibə olarsa” başlıqlı paylaşımında son günlər sərhəddə baş verənlər və düşmənin hücumuna qarşı ölkə ictimaiyyətinin birlik nümayiş etdirməsi, paytaxt sakinlərinin küçələrə axışaraq ordumuza dəstək verməsini müasir tariximizin yeni səhifəsi kimi qiymətləndirib.

Parisin Sorbonna Universitetinin tələbəsi Təranə Paris Bakou Eyfel qülləsinin fonunda “Azərbaycan əsgəri” marşını oxuyaraq fransalı dostlarına səslənib. 19 yaşlı fletyaçı, beynəlxalq müsabiqələrin Qran-pri mükafatçısı Ağarəhim Quliyev də Parisdən bütün dünyaya səslənərək birgə təhsil aldığı xarici tələbələrə Azərbaycan həqiqətlərini çatdırıb.

Görkəmli bəstəkar Cövdət Hacıyevin hazırda İsveçrədə yaşayan bəstəkar oğlu İsmayıl Hacıyev bu günlərdə Azərbaycan, ingilis və rus dillərində Ermənistanın son hərbi hücumunu pisləyən paylaşımlar edərək ölkəmizin haqq səsini beynəlxalq ictimaiyyətə çatdırıb.

Fransada yaşayan daha bir soydaşımız, Azərbaycanın Əməkdar artisti, Fransa Ali Beynəlxalq Musiqi Akademiyasının direktoru, tanınmış pianoçu, pedaqoq Adilə Əliyeva, Latviyada yaşayan musiqişünas Zümrüd Dadaşzadə, ABŞ-da musiqiçi Cəmilə Cavadova-Spitzberq, Türkiyənin Çukurova Universitetində dərs deyən Xalq artisti Canahgir Novruzov, bu il P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasını fərqlənmə diplomu ilə bitirən gənc pianoçu Nazxanım Dadaşova öz paylaşımlarında Azərbaycan həqiqətlərini, Ermənistanın işğalçılıq siyasətinə dair bilgiləri sosial şəbəkə səhifələrindəki dostları ilə bölüşüblər.

Onu da qeyd edək ki, Türk dünyasından da tanınmış sənət adamları Azərbaycana dəstək nümayiş etdiriblər. Türkiyənin məşhur sənətçiləri Mustafa Sandal, Demet Akalın, türk futbolçu Arda Turan, habelə qardaş ölkənin məşhur futbol komandaları Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı ilə əlaqədar Ağ evin (ABŞ) saytında açılan petisiyanı dəstəkləyiblər. Həmçinin sosial şəbəkələrdəki səhifələri vasitəsilə petisiyanın linkini paylaşaraq insanları səs verməyə səsləyib, Azərbaycanın haqq işinə dəstək olduqlarını vurğulayıblar.

Bundan əlavə, tanınmış özbək şairə, Özbəkistanın “Kitab dünyası” qəzetinin baş redaktoru Xasiyyət Rüstəmova, Daşkənd Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası Züleyxa Həmrayeva sosial şəbəkə səhifələrində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə etirazlarını bildiriblər.

“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası da Ermənistan silahlı qüvvələri tərəfindən törədilən təxribatı sərt şəkildə pisləyib. İsraildə və dünyanın müxtəlif ölkələrində yaşayan dağ yəhudiləri məsələ ilə bağlı sosial hesablarında paylaşımlar edərək beynəlxalq ictimaiyyəti Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və 7 ətraf rayonun Ermənistan tərəfindən işğalını pisləməyə, dinc azərbaycanlıların doğma yurdlarına qayıdışının təmin olunmasını tələb etməyə çağırıblar.

Hazırladı: Lalə AZƏRİ