İyulun 20-də Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə qocaman jurnalist, “Respublika” qəzetinin baş redaktoru Teymur Əhmədovun 90 illik yubileyi videokonfrans şəklində qeyd edilib.

Videokonfransda “XX-XXI əsrlərin qovşağında milli mətbuatın çətin və şərəfli mübarizəsi. Teymur Əhmədovun jurnalistlik fəaliyyətinə bir nəzər” kitabının onlayn təqdimatı keçirilib. Baş redaktorun 90 illik yubileyinə həsr olunmuş toplantıda Mətbuat Şurası İdarə heyətinin üzvləri, kütləvi informasiya vasitələrinin təmsilçiləri, ictimaiyyət nümayəndələri və ziyalılar iştirak ediblər.

MŞ sədri Əflatun Amaşov “Respublika” qəzetinin baş redaktoru T.Əhmədovun mətbuat sahəsində, eləcə də ictimai fikir tariximizin, ədəbi irsimizin öyrənilməsi və təbliği istiqamətində uzun illər davam edən fəaliyyətindən söz açıb.

Yubiley münasibətilə nəşr olunmuş  kitabın müəllifi, yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Şəfəq Nasir T.Əhmədovu mətbuat fədaisi kimi xarakterizə edib.

Digər çıxış edənlər də yubilyar haqqında ürək sözlərini bildiriblər.