Bir həftə ərzində xəstə sayı 960 nəfər azalıb

Nazirlər Kabineti yanında Operativ Qərargahın iyulun 23-nə olan məlumatına görə, Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasına 347 yeni yoluxma faktı qeydə alınıb, 531 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 28 980 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 20 974 nəfər müalicə olunaraq sağalıb, 391 nəfər vəfat edib. 7615 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8829, ötən müddət ərzində isə ümumilikdə 658 782 test aparılıb.

Qeyd edək ki, 19 iyuldan sonra gündəlik yoluxma sayının 400-dən aşağı düşməsi və bunun müqabilində sağalma sayının artması aktiv xəstə sayında müsbət dinamika yaradıb. Bir həftə ərzində  (16-23 iyul) xəstə sayı 960 nəfər (8575-dən 7615-ə) azalıb.