Milli komissiyaların nümayəndələrinin iştirakı ilə videokonfrans formatında görüş

Avropa regionundan UNESCO-ya üzv dövlətlərin Milli komissiyalarının nümayəndələrinin iştirakı ilə təşkilatın 2022-2029-cu illər üzrə Ortamüddətli Strategiyası layihəsinin müzakirəsi məqsədilə videokonfrans formatında görüş keçirilib.

Tədbirdə ölkəmizi Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri – UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi Elnur Sultanov təmsil edib.

Əvvəlcə UNESCO-nun Strateji Planlaşdırma Bürosunun direktoru Jan-İv Lö So Ortamüddətli Strategiyanın tərtib edilməsi ilə bağlı hazırlanmış hesabatı təqdim edib.

Daha sonra Milli komissiyaların nümayəndələri UNESCO-nun fəaliyyət mandatına aid olan Dayanıqlı İnkişaf Məqsədləri, eləcə də təşkilatın hədəf proqramları barədə təmsil etdikləri dövlətlərin mövqeyini bildirib və fikir mübadiləsi aparıblar.

UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi Elnur Sultanov görüşdə çıxış edib. O, çıxışında hazırlanacaq Ortamüddətli Strategiya sənədinin əhəmiyyətini vurğulayaraq Azərbaycanın UNESCO-nun etibarlı tərəfdaşı kimi Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə sadiq olduğunu, bu xüsusda hamı üçün keyfiyyətli təhsil və həyatboyu öyrənmə, gender bərabərliyi, gənclərin potensialının gücləndirilməsi, sülhpərvər və inklüziv cəmiyyətin təşviq edilməsinin vacib olduğunu bildirib. O, mədəniyyətlərarası dialoqun təşviqində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə 2008-ci ildə əsası qoyulmuş “Bakı Prosesi”nin qlobal əhəmiyyətini, bu çərçivədə 2011-ci ildən Bakıda UNESCO-nun da dəstəyi ilə iki ildən bir keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumunun müasir çağırışlar barədə müzakirələr aparmaq üçün nadir platforma olduğunu vurğulayıb və təşkilat tərəfindən gələcək illərdə mədəniyyətlərarası dialoqun təşviqi üçün səylərin davam etdirilməsinin vacibliyini bildirib.

Elnur Sultanov çıxışı zamanı bugünkü dünyada mövcud münaqişələr və təhlükələrə toxunaraq, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən hərbi işğala məruz qaldığını, 12 iyul tarixində Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində hərbi təxribata əl ataraq hücuma cəhd etdiyini, mülki əhalini və infrastrukturu hədəf aldığını və bu faktın UNESCO dəyər və prinsiplərinin kobud şəkildə pozulması demək olduğunu bildirib. Baş katib  həmçinin hazırda nasizm və bənzər ideologiyaların qəhrəmanlaşdırılmasının narahatlıqla müşahidə olunduğunu, nasistlərə xidmət edənlərə heykəllərin ucaldıldığını, bu ideyaların dərsliklərə salındığını və bunun bəzi ölkələrin dövlət siyasətinin tərkib hissəsi olduğunu qeyd edib. O, Azərbaycanın beynəlxalq arenada irqi ayrı-seçkilik, ksenofobiya və dözümsüzlüyün müasir formalarına qarşı çıxdığını bildirərək bu təhlükəli tendensiyaların qarşısının alınması və sülh mədəniyyətinin, təhsilin təşviq edilməsində UNESCO-nun səylərinin artırılmasının vacib olduğunu qeyd edib.