Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 iyul tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020–2024-cü illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilib.

Milli Fəaliyyət Planı, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsini və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarını rəhbər tutmaqla, “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014─2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş tədbirlərin davamı olaraq tərtib edilib.

Milli Fəaliyyət Planının 2020─2024-cü illər üçün Tədbirlər Planında müxtəlif dövlət qurumlarının, o cümlədən müvafiq mövzular üzrə Mədəniyyət Nazirliyinin, başqa aidiyyəti təşkilatların iştirakı ilə bir sıra fəaliyyət istiqamətləri müəyyən edilib.

Buraya insan alveri probleminin qarşısının alınması barədə tədris-metodik vəsaitlərin və maarifləndirici materialların hazırlanması və yayımlanması, insan alveri və məcburi əmək cinayətlərinin törədilməsinə şərait yaradan hallarla bağlı cəmiyyətdə ictimai dözümsüzlük mühitinin yaradılması məqsədilə inzibati, təhsil, sosial, mədəni və digər sahələrdə müvafiq tədbirlər görülməsi, bu işə vətəndaş cəmiyyəti institutlarının və kütləvi informasiya vasitələrinin cəlb edilməsi daxildir.

Tədbirlər Planında internet informasiya ehtiyatlarında uşaqların cinsi istismarının onlayn yayımlanması hallarının qarşısının alınması, respublikada belə internet informasiya ehtiyatlarına çıxışın qanunvericiliyə uyğun olaraq məhdudlaşdırılması ilə bağlı tədbirlər görülməsi, habelə insan alverinə qarşı mübarizədə təbliğat və maarifləndirmə işinin gücləndirilməsi məqsədilə sosial reklamlar, çarxlar, qısametrajlı filmlər çəkilməsi, verilişlərin hazırlanıb nümayiş etdirilməsi, müxtəlif maarifləndirici materiallar hazırlanması və internet informasiya resurslarında yerləşdirilməsi də əksini tapıb.

Respublika ərazisində turizmin inkişafı və genişlənməsi ilə əlaqədar müəyyən şəxslərin insan alverinin qurbanı olmaq riskinin qarşısının alınması və belə şəxslərin mənafelərinin qorunması məqsədilə qabaqlayıcı tədbirlər hazırlanması, insan alverinin və məcburi əməyin qarşısının alınması məqsədilə müxtəlif dillərdə hazırlanmış maarifləndirici vəsaitlərin beynəlxalq marşrutlarda hərəkət edən nəqliyyat vasitələrində, dövlət sərhədindən buraxılış məntəqələrində paylanılması kimi məsələlər də Tədbirlər Planında yer alıb.